15 Mart 2023 12:24
3 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarları ilə polis arasında dünən başlayan qarşıdurmalar davam edir.

Teleqraf.com xəbər verir ki, mühakimə olunduğu məhkəmənin iclasına qatılmadığı üçün həbs olunmasına qərar verilən Xanın polis tərəfindən saxlanması cəhdinə qarşı etirazlar gecə boyu davam edib.

Lahorda baş verən qarşıdurmalarda indiyədək 33 polis əməkdaşı yaralanıb, çoxlu nümayişçi saxlanılıb. Xanın evinin ətrafına polislə yanaşı, yarımhərbi birləşmələr də göndərilib.

Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri Xan Tvitter hesabından verdiyi açıqlamada polisin təzyiqli sudan istifadə etdiyini və evinə gözyaşardıcı qaz bombaları atdığını deyib. Xan həbsinin istənildiyini və keçmiş baş nazir Navaz Şəriflə bağlı məhkəmə qərarlarının “təmizləndiyini” və onun ölkəyə gətirilməsinə cəhd edildiyini də iddia edib.

Təhlükəsizlik qüvvələrinin canlı güllələrdən istifadə etdiyini bildirən Xan boş patronların fotolarını Tvitterdə paylaşıb. Sabiq baş nazir hökumətin əsl niyyətinin onun tutulması və öldürülməsi olduğunu söyləyib.

Pəncabın polis rəisi Osman Ənvər PTI tərəfdarlarına şiddətin davam edəcəyi təqdirdə kəskin tədbirlər görəcəkləri barədə xəbərdarlıq edib.

Prezident Arif Əlvi Tvitterdəki açıqlamasında baş verənlərdən təəssüfləndiyini bildirib və hökumətin iqtisadi vəziyyətlə məşğul olmaq əvəzinə zəif prioritetlərə üstünlük verməsini qınayıb. Əlvi İmran Xanın təhlükəsizliyindən narahat olduğunu dilə gətirib.

Martın 13-də İslamabad Məhkəməsində Xanın baş nazir olduğu müddətdə xarici dövlət xadimlərinin hədiyyələrini satmaqda və 2022-ci ilin avqustunda qadın hakimi hədələməkdə ittiham olunduğu iki iş üzrə dinləmələr keçirilib.

Hər iki dinləmədə iştirak etməyən Xan üçün həbs qərarı verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər