16 May 2023 10:36
10 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml “Vaqner” qrupunun lideri Yevgeni Priqojini satqın kimi tanımaq üçün mexanizm hazırlayır. Amma bunun yaxın gələcəkdə olacağı gözlənilmir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

ISW “Vaşinqton Post” qəzetinə istinadla bildirir ki, Priqojin Ukrayna kəşfiyyatı (QUR) ilə təmasa keçərək, Ukrayna Silahlı Qüvvələrinin Baxmutdan çıxarılması müqabilində Rusiya hərbçilərinin mövqelərini verə biləcəyini təklif edib.

Amerikalı akspertlərin fikrincə, “Vaqner” liderinin bu cəhdi Prezident Vladimir Putinə yox, Rusiya Müdafiə Nazirliyinə qarşı yönəlib. Analitiklər hesab edirlər ki, Kreml Priqojinin QUR-la mümkün təmaslarından xəbərdar ola bilər.

“Kremldəki adı açıqlanmayan mənbələr Rusiya prezidenti administrasiyasının Priqojini ictimaiyyət qarşısında gözdən salmaq üçün informasiya əməliyyatı hazırladığını deyirlər. Amma onu da bildirirlər ki, “Vaqner” qüvvələrinin cəbhədə olduğu vaxtda Kremlin onu təhdid etmək ehtimalı azdır. Priqojin Donbasda “Vaqner” qüvvələrinə komandanlıq edir və indi onun çıxarılması rusların Baxmutdakı mövqeyini pozacaq. Putin çətin ki, belə bir riskə getsin”, - ISW vurğulayır.

Eyni zamanda, Kreml Priqojini vəzifəsindən kənarlaşdıra bilməz, çünki “Vaqner” özəl şirkətdir. Onun sahibini dəyişməyin yeganə yolu muzdlular üzərində nəzarətin qurulmasıdır.

“Priqojini “Vaqner”ə nəzarətdən məhrum etmək, Putinin məsafə saxlamağa çalışdığı muzdlular qrupuna birbaşa Kremlin nəzarətini tələb edəcək”, - amerikalı ekspertlər deyirlər.

Yevgeni Priqojin ictimai-siyasi çevrələrdə "Putinin aşpazı" ləqəbi ilə tanınır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər