Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) komissarı Abdel-Fatau Musah Nigerə qoşun yeritmək üçün BMT-nin icazəsinə ehtiyac duymadıqlarını bildirib.
Teleqraf.com xəbər verir ki, Musah ECOWAS-a üzv ölkələrin baş qərargah rəislərinin Qananın paytaxtı Akkrada Niger gündəliyi ilə görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.
ECOWAS olaraq Qərbi Afrikada terror adlandıra biləcəkləri asimmetrik münaqişə vəziyyəti ilə üzləşdiklərini vurğulayan komissar BMT Nizamnaməsinin 7-ci maddəsinin terrorla mübarizəyə belə icazə vermədiyini deyib.
Musah vurğulayıb ki, ECOWAS yalnız Liberiya və ya Syerra Leonedəki əvvəlki yerləşdirmələri barədə BMT və Afrika İttifaqına sadəcə məlumat verib. Onun sözlərinə görə, ECOWAS Nigerə öz resursları ilə daxil olacaq.
Bölgədə bir-birinin ardınca baş verən çevrilişlərə güc yolu ilə cavab vermədiklərini vurğulayan Musah bu “domino effekti”nin dayandırılmasının vacibliyinə diqqət çəkib.