"Rusiya dini liderlərinin Prezident Vladimir Putinlə gözlənilən görüşündə müstəqil Fələstinin yaradılması məsələsində onun mövqeyini dəstəkləmək lazımdır".
Teleqraf.com xəbər verir ki, bunu Şimali Qafqaz Müsəlmanları Koordinasiya Şurasının sədri İsmayıl Berdiyev deyib.
“Vladimir Putin və ölkənin dini liderləri ilə görüşdə prezidentimizin Fələstin dövlətinin yaradılması ilə bağlı qərarını dəstəkləməliyik. Bundan əlavə, İsraili sülhə məcburetmə mövzusunu qaldırmaq lazımdır. Bu münaqişə sönməsə, Yaxın Şərqdə, ümumiyyətlə, dünyada sülh olmayacaq. Yeni qurbanların qarşısını almaq üçün mümkün qədər tez həll edilməli olan bu məsələdə çoxlu dövlətlər iştirak edir”, - Berdiyev bildirib.
Rusiya lideri oktyabrın 16-da Fələstin dövlətinin yaradılması üzrə siyasi prosesin bərpasının tərəfdarı olduğunu açıqlayıb. Bundan başqa, Putin oktyabrın 25-də müxtəlif dini konfessiya və birliklərin nümayəndələri ilə görüş keçirməyi planlaşdırır.