7 Dekabr 2023 17:22
3 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Yunanıstan liderlərinin ildə bir dəfə görüşməsi hər iki tərəf üçün faydalı olardı.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afinada Yunanıstan Baş naziri Kiriakos Mitsotakislə birgə mətbuat konfransında deyib.

“Sonuncu səfərim 2017-ci ildə olub. Bu, dövlət başçısı səviyyəsində ilk səfərdir. Yenidən Afinada olmaqdan çox məmnunam, növbəti görüş üçün bu qədər fasilə verməkdənsə, bu görüşü ildə bir dəfə keçirmək hər iki ölkə üçün faydalı olacaq.

Faydalı müzakirələrimiz oldu. Atılacaq addımları müzakirə etdik. Yüksək səviyyəli təmaslar çərçivəsində dialoq kanalları açıq saxlanılmalıdır. Əməkdaşlıq mexanizminin müsbət gündəm əsasında inkişafa töhfə verdiyini vurğuladıq. Münasibətlərimizi ən yüksək səviyyədə inkişaf etdirmək iradəmizi diqqətə çatdırdıq”, - Türkiyə lideri bildirib.

Prezident Ərdoğan qeyd edib ki, Türkiyə və Yunanıstan arasında həlli mümkünsüz olan heç bir problem yoxdur:

“Biz eyni mədəniyyəti və eyni iqlimi paylaşan ölkələrik. Fikir ayrılıqlarının olması təbiidir. Türkiyə və Yunanıstan olaraq atacağımız addımlarla bütün dünyaya nümunə olmaq istəyirik. Aramızda həlli olmayan problem yoxdur. Gəlin yalnız böyük şəklə diqqət yetirək. Dənizi keçib dərədə boğulanlardan olmayaq. Çox şadam ki, onlar da eyni fikirdədir”.

Türkiyə prezidenti Yunanıstan baş naziri ilə görüşündə Egey və Aralıq dənizlərinə dair problemləri, ticarət əlaqələrini, Qəzza və digər məsələləri müzakirə etdiklərini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər