Fransa Benin və Fildişi Sahili vasitəsilə Burkina Fasoda sabitliyi pozur.
Teleqraf.com xəbər verir ki, bunu Burkina Faso Prezidenti İbrahim Traore deyib.
Fransanın ölkəsində qeyri-sabitlik yaratmağa çalışdığına diqqət çəkən Traore bunun region ölkələri vasitəsilə edildiyini vurğulayıb.
Ölkə lideri Fransanın Fildişi Sahilinin paytaxtı Abidjanda əməliyyat mərkəzinin olduğunu açıqlayıb.
“Heç kim gəlib deyə bilməz ki, Benin və Fildişi Sahilində bizə qarşı fəaliyyət göstərən Fransa bazası yoxdur, sübutlarımız var”, - Traore qeyd edib.
Fransanın Çad, Seneqal, Fildişi Sahili, Qabon və Cibuti olmaqla Afrikada 5 bazasının olduğu bildirilir. Məlumata görə, Benin ordusunun tələbi ilə yaxınlarda Fransa təlim hissələri ölkə ərazisində yerləşdirilib.
Fransanın keçmiş müstəmləkələrindən biri olan Burkina Faso ilə münasibətlər 2022-ci il sentyabrın 30-da İbrahim Traorenin hakimiyyəti qiyamla ələ keçirməsindən sonra pisləşib. Bundan sonra Burkina Faso Fransa ilə bir çox sahədə tərəfdaşlıq müqavilələrini ləğv edib.
Burkina Faso 2023-cü ilin dekabrında fransız dilini rəsmi dil kimi ləğv edib, bu ilin aprelində isə ölkədə fəaliyyət göstərən 3 fransız diplomat təxribatçı fəaliyyətlərinə görə “arzuolunmax şəxs” elan olunub.