23 İyul 13:44
1 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq aləmin diqqəti Rusiya-Ukrayna müharibəsinə, İsrailin Qəzzada hərbi əməliyyatına yönələrkən, terrorçular yatmış hücrələrindən çıxmağa çalışırlar.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert terror təşkilatlarının dünyanın bəzi bölgələrində artan reallıqlarına diqqət çəkib:

"Martda Moskva vilayətində yüzlərlə insanın ölümünə səbəb olan ("Crocus City Hall") terror aktından sonra İŞİD terror təşkilatının imkanları araşdırılmağa başlanılıb. Terror aktına görə məsuliyyəti “Xorasan Vilayəti” üzərinə götürsə də, bu terrorçu təşkilatın İŞİD-lə bağlılığı xəbəri yayıldı. Bundan sonra yayılan məlumatda Türkiyə xüsusi xidmət orqanlarının rusiyalı həmkarlarını xəbərdarlıq etdiyi və terrorçuların Moskvada "Crocus City Hall"a hücumdan sonra ikinci terror aktını planlaşdırdıqlarını müəyyənləşdirdilər. Növbəti terror aktının qarşısı alındı. Qarşısı alınan terror planları göstərir ki, terrorçu təşkilatlar fəallıqlarını artırıblar.

Bu arada, "Əl-Qaidə" terror təşkilatının da fəallaşmağa başladığı barədə xəbərlərin sayı artıb. Bəzi ekspertlər bu təşkilatın Əfqanıstan və Pakistan ərazisində fəaliyyətinin azaldığını bildirilsələr də, Qərb mətbuatında "Əl-Qaidə" üzvlərinin fəallaşmağa meylli olduğu barədə müxtəlif yazılar dərc olunur. Görünür, "Əl-Qaidə" İŞİD və ya “Xorasan Vilayəti”nin gerisində qalmaq istəmir.

Amerikalı hərbçilər "Əl-Qaidə" lideri Üsamə bin Ladeni Pakistanın Abbottabad şəhərində öldürdükdən sonra Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi bu ölkə və Əfqanıstanda təşkilatın digər üzvlərini də neytrallaşdırmağa çalışdı. Terrorçular liderlərinin ölümündən sonra fəaliyyətlərini dondursalar da, yatmış hücrələrin yenidən üzə çıxacaqları təhlükəsi var. Taliban bütün Əfqanıstan ərazisinə nəzarət edə bilmədiyinə görə, "Əl-Qaidə" bundan istifadə etməyə çalışır. BMT-nin son hesabatına görə, "Əl-Qaidə"nun Qəndəharda fəallaşdığı, digər əyalətlərdə isə düşərgələr yaratmağa çalışdığı bildirilir.

Terrorçu təşkilatların fəallaşmasına müxtəlif ərazilərdəki lokal və genişmiqyaslı müharibələr də şərait yaradır. Beynəlxalq aləmin diqqəti Rusiya-Ukrayna müharibəsinə, İsrailin Qəzzada hərbi əməliyyatına yönələrkən, terrorçular yatmış hücrələrdən çıxmağa çalışırlar".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər