İranın HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin İsrail tərəfindən öldürülməsinə cavabı birmənalı və qəti olacaq.
Teleqraf.com xəbər verir ki, bunu HƏMAS-ın Tehrandakı nümayəndəsi Xalid Kadumi deyib.
Onun sözlərinə görə, İran Haniyənin qətlinə ciddi cavab verəcək.
“İran Prezidenti Məsud Pezeşkian HƏMAS Qəzzadakı bürosunun sədr müavini Xəlil əl-Həyanı əmin edib ki, qətiyyətli addımlardan başqa heç nə İsmayıl Haniyənin qəsdən və məqsədyönlü şəkildə öldürülməsinin qisası sayıla bilməz”, - Kadumi vurğulayıb.
HƏMAS rəsmisi qisasla bağlı İrandan başqa vəd aldıqlarını da açıqlayıb:
“İran parlamentinin sədri Məhəmməd Bəkr Qalibaf da son bir neçə gündə HƏMAS rəsmiləri ilə görüşü zamanı söyləyib ki, İranın cavabı qəti və birmənalı, eləcə də xarakter və formaca fərqli olacaq”.