ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkilərdə qələbə qazanacağı təqdirdə Rusiya-Ukrayna savaşını 24 saat ərzində dayandıra biləcəyi haqqında açıqlama vermişdi. Doğrudur ki, o, buna hansı yollarla nail ola biləcəyi ilə bağlı məsələlərə kifayət qədər aydınlıq gətirməyib.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Trampın Rusiya lideri Vladimir Putinə təzyiq edərək hərbi əməliyyatları dayandırmağa nail olacağı demək olar ki, qeyri-real görünür:
“Əksər ekspertlər tərəfindən də belə dəyərləndirilir. Hər şeydən əvvəl, Tramp müharibənin Rusiyanın maraqlarına uyğun şəkildə sona çatmasına çalışacaq. Həmçinin bu zaman Rusiyanın şərtlərinin nəzərə alınacağı birmənalıdır. Rusiyadan fərqli olaraq, ABŞ-ın yeni prezident administrasiyasının Ukrayna prezidenti Vladimir Zelenskiyə təsir vasitələri kifayət qədər böyük və müxtəlifdir. Məlumdur ki, Ukrayna Rusiyaya qarşı savaşı Qərbin, ilk növbədə isə ABŞ-ın dəstəyi ilə aparıb. İstisna deyil ki, 2025-ci il yanvarın 20-nə qədər Bayden administrasiyası bu dəstəyi göstərməyə davam edəcək. Söhbət haradasa daha 8 milyard dollara yaxın vəsaitin Zelenskiyə ötürülməsindən gedir. Bundan sonra iqtidara gələn Tramp administrasiyası özünün qlobal dünya nizamı ilə bağlı baxışlarına uyğun siyasət yürütməyə başlayacaq. Eyni zamanda rəsmi Kiyevdən də məlum siyasətə uyğun adekvat addımlar atılmasını tələb edəcək. Trampın Ukraynaya maliyyə və hərbi dəstəyi kəsəcəyi təqdirdə, rəsmi Kiyev yol ayrıcında qalacaq. Zelenski Trampın məsləhəti ilə hətta Ukraynanın maraqlarına cavab verməyən sülh danışıqlarına razı olacaq. Bu zaman ərazi güzəştlərinə gedəcək, bufer dövlət statusu ilə razılaşacaq. Nəhayət NATO-ya yaxın 30 il ərzində üzv olmayacağı ilə bağlı öhdəlik götürəcək, ya da Avropa Birliyi və NATO-nun yardımına arxalanaraq müharibəni 2025-ci ildə də davam edəcək. Nəticədə daha böyük fəlakətlə üzləşəcək. Ukrayna öz dövlətçiliyini itirəcək, ərazisi isə Rusiya, Avstriya, Polşa və Rumıniya kimi dövlətlər arasında bölüşdürüləcək”.
Politoloq bildirib ki, Trampın yeni hökumətlə bağlı təyinatları göstərir ki, o, Rusiya-Ukrayna savaşının durdurulmasında və bunun müqabilində İsrailə maliyyə və hərbi dəstəyin artırılmasında maraqlıdır:
“Onun müdafiə naziri vəzifəsinə təyin etdiyi Pit Heqset, Fox News telekanalının siyasi şərhçisi olarkən Ukrayna kampaniyasının əleyhinə olan çıxışları ilə yadda qalıb. Ən əsası isə, sələfi demokrat Ostendən fərqli olaraq, o, ABŞ-ın hərbi sənaye kompleksi ilə bağlı adam deyil”.
Elşən Manafov qeyd edib ki, Trampın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə direktor təyin etdiyi Con Ratkliff isə, daha çox özünün Çin əleyhinə çıxışları ilə məşhurdur:
“Tramp iqtidarında nazir vəzifələrinə gətiriləcək iki məşhur milyarder İlon Mask və Vivek Ramasvami də Ukrayna kampaniyasının bir qayda olaraq əleyhdarları kimi tanınıblar. Bütün bunlarla yanaşı, Trampın bir sıra hallarda siyasətçidən daha çox biznesmen kimi davranması onun hamını təəccübləndirə biləcək qeyri-adekvat qərarlar da qəbul edəcəyini düşünməyə əsas verir. Yəqin elə buna görədir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Trampın ABŞ-da prezident seçkilərində qalib gəlməsi Ukrayna böhranına münasibəti dəyişməyəcək deyə bəlli məsələyə münasibət bildirmişdi. ABŞ-ın bütün hallarda NATO və onun ətrafında hər şeyi nəzarət altında saxlamaq üçün mövqe sərgiləyəcəyi isə birmənalıdır”.