Gürcüstanın yeni XI çağırış parlamentinin tərkibi təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, qanunverici orqanın bugünkü ilk iclasında 150 deputatın səlahiyyətləri tanınıb.
Bununla yanaşı, Şalva Papuaşvili parlamentin sədri, Gia Volski sədrin birinci müavini, Tea Tsulukiani və Nino Tsilosani isə vitse-spiker seçilib.
Qeyd edək ki, Ş.Papuaşvili öncəki parlamentin də sədri olub. O, bu vəzifəyə 2021-ci ilin dekabrında seçilmişdi.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Rəsmi nəticələrə əsasən, hakim “Gürcü Arzusu” partiyası parlamentdə 150 yerdən 89-nu, yerdə qalan 61 yeri isə müxalifət partiya və birlikləri əldə edib. Müxalifət seçkilərin nəticələrini tanımayıb, mandatlarından imtina edib və Tbilisidə təkrar seçkilər tələbi ilə davamlı etiraz aksiyaları təşkil edir.