Ermənistanın sülh sazişini daha tez müddətdə təcili olaraq imzalamaq istəyi bir neçə kontekstdən irəli gəlir. Bunun əsas səbəblərindən biri sülh sazişi layihəsində razılaşdırılmış və razılaşdırılmayan bəndlər var. Ermənistan Baş naziri Nikol Paşinyan çalışır ki, razılaşdırılmış bəndlər üzərində saziş imzalasın və bununla razılaşdırılmamış maddələr arxa plana keçsin. Razılaşdırılmamış bəndlər dedikdə, burada əsas Bakının tələbləri daha çox öz əksini tapır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, Paşinyan sülh sazişini imzalayaraq Azərbaycanın tələblərini arxa plana atmaq istəyir:
"Digər tərəfdən onun əsas məqsədi Türkiyə ilə sərhədlərin açılmasıdır. O bilir ki, bunun üçün Türkiyənin şərti Azərbaycanla sülh sazişinin imzalanmasıdır. Bu olduqdan sonra Ankara Ermənistanla normallaşma prosesini davam etdirəcək və sərhədləri açacaq. İndiki halda Paşinyan hakimiyyətinin siyasi oriyentasiyasında Qərbin rolu daha çox olduğu üçün onlar coğrafi baxımdan da Qərbə, Avropa bazarına çıxış əldə etməlidirlər. Bu həm də Ermənistanın bölgədə mövcudluğu üçün əsas məsələlərdən biridir. Çünki faktiki Ermənistan dalan ölkə olaraq qalır".
Asif Nərimanlı qeyd edib ki, Ermənistan COP29-a qədər sülh sazişini imzalamağa çalışırdı, amma alınmadı:
"Bu Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə baş tutmadı. Eyni prosesi hazırda ilin sonuna qədər həyata keçirməyə çalışır. Yeni tendensiya, yeni bir proses Amerikadakı hakimiyyət dəyişikliklərdən irəli gəlir. Demokratlardan fərqli olaraq respublikaçılar heç vaxt Ermənistanın maraqlarına tam uyğun olmayıb. Əlbəttə, Trampın dörd illik hakimiyyəti dövründə biz bunu açıq formada gördük. O erməni lobbisi və diasporunu maksimum dərəcədə kənarda saxlayırdı. Trampın hakimiyyətə gəldikdən sonra nə olacağını hələ tam proqnozlaşdırmaq mümkün olmasa da, keçmiş təcrübəyə əsasən, deyə bilərik ki, Ermənistan hakimiyyəti onun fəaliyyət müddətinin başlamasından öncə sülh sazişinə nail olmaq istəyir.
Çünki hələ də demokratlar hakimiyyətdədir, onlar Ermənistanın maraqları kontekstindən məsələyə yanaşırlar. Amma bütün bunlar məsələnin regional və geosiyasi tərəfləridir".
O vurğulayıb ki, Ermənistandakı istefalar və işdən çıxarılmalar hakimiyyət daxili qarşıdurmalardan daha çox qaynaqlanır:
"Çünki sonuncu dəfə parlamentdə hakim partiyanın deputatları ilə İstintaq Komitəsinin sədri arasında açıq qarşıdurma baş verdi. Bundan sonra həmin belə hakimiyyət daxili qarşıdurma daha açıq müstəviyə keçdi, mətbuat üzərinə çıxdı. Amma o da istisna deyil ki, Paşinyanın xarici siyasətini daha öz bildiyi formada davam etdirmək və daxildə hər hansı bir maneənin yaradılmasının qarşısını almağa çalışır. Paşinyan ona qarşı çıxan şəxsləri təmizləyir. Çıxarılanlar arasında Rusiyaya daha loyal münasibət nazirlər də olub. Çıxarılan daxili işlər nazirinin daha çox Rusiyameyilli olduğu deyilirdi.
O da istisna deyil ki, Paşinyanın xarici siyasətdə nail olmaq istədiyi hədəflər fonunda daxildəki problemləri də həll etməyə çalışır. İstefalar, işdən çıxarılmaq məsələsi birbaşa olmasa da, dolayısı ilə bu məsələ ilə bağlı ola bilər".