20 Aprel 2015 16:43
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Vyetnam Sosialist Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nquyen Than Şon ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, səfiri salamlayan Ziyafət Əsgərov Azərbaycanla Vyetnam arasında hələ sovet dövründən yaxşı münasibətlərin olduğunu, ölkəmiz müstəqillik əldə etdikdən sonra isə bu münasibətlərin daha da inkişaf etdiyini diqqətə çatdırıb: “Prezident İlham Əliyevin ötən il Vyetnama səfərini xatırlayan Ziyafət Əsgərov bildirdi ki, müansibətlərin inkişafında dövlət başçılarının xüsusi rolu vardır. Qeyd etdi ki, qarşılıqlı münasibətlərin inkişafının nəticəsidir ki, Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərir, indi isə tezliklə Vyetnamın Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq”.

Qonağa yeni vəzifəsində uğurlar arzulayan Ziyafət Əsgərov iki ölkə arasında parlamentlərarası əlaqələrin, iqtisadi münasibətlərin inkişafının, təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi qeyd etdi. Diqqətə çatdırdı ki, hələ sovet dövründə Vyetnamlı gənclər Azərbaycan Neft Akademiyasında təhsil alır və ölkələrinə neft mütəxəssisi kimi dönürdülər. Bu gün də bu ənənə davam edir.

Azərbaycanın Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsi olduğunu deyən birinci vitse-spiker qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, bu münaqişəyə dair BMT-nin 4 qətnaməsinin hələ də icra olunmaması və Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verdi.

Vyatnamın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu deyən səfir Nquyen Than Şon bildirdi ki, bu işin daha sürətli olması üçün var qüvvəsilə çalışacaq. Səfir Azərbaycanın sülh, sabitlik və əminamanlığın qorunması istiqamətindəki səylərini dəstəklədiklərini diqqətə çatdırdı. Ölkələrimizin mövcud dostluq münasibətlərindən danışan vyetnamlı diplomat qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu qeyd etdi.

Nemət


Müəllif:

Oxşar xəbərlər