“Hazırda Xocavənd rayonundayam. Bu gün səhər saat 9-dan düz 12:30-a qədər burada Anım Günü tədbirləri keçirildi. Hərbçilərlə birlikdə çox möhtəşəm tədbirimiz oldu”.
Bunu Teleqraf.com-a Xocalı və Xocavəndin Milli Məclisdəki deputatı Elman Məmmədov deyib.
Hazırda Xocavəndə olan Milli Məclisin deputatı təəssüratının çox yüksək səviyyədə olduğunu bildirib:
"Xocavənddə hərbçilərimiz daxil olmaqla, hər kəsin əhval-ruhiyyəsi çox yüksəkdir. Xocavəndin özünün böyük Şəhidlər Xiyabanı var. Burada böyük tədbir keçirildi, əhalinin əhvalı da əladır. Şəhidlərimizi andıq. Bu Anım Günü bizim torpaqlarımızın azad olunmasının ilk günüdür. 27 sentyabrdan başlayan qələbə günümüz 44 günlük müharibə ilə başa çatdı. Ordumuz işğal altında olan torpaqlarımızı ermənilərdən azad etdi. Cənab Prezidentin dediyi kimi, biz hər birimiz qalib dövlətin vətən daşlarıyıq. Belə tədbirlər digər torpaqlarımızda da keçiriləcək. Cənab Prezidentin müraciətini böyük ekranda izlədik. Azı min nəfər var idi. Hesab edirəm ki, Ermənistan bu çıxışlardan nəticə çıxarmalıdır”.