1 May 19:42
2 835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutacaq görüşdən gözləntilər fərqlidir. Əslində Almatı növbəti görüş və danışıqlar platformasıdır. Konkret olaraq bu görüşdə hansısa bir sənədin imzalanması gözlənilmir. Çünki görüşə iki tərəf razılıq versə də, bunun vaxtı belə müəyyən edilməyib.

Bunu Teleqraf.com-a sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

O qeyd edib ki, sülh kifayət qədər mürəkkəb bir prosesdir:

“Ona görə də, konkret nəsə demək çətindir. Amma hər iki tərəf sülh müqaviləsi, hətta yekun sənəd olmasa da çərçivə xarakterli bir razılaşmanın əldə olunmasının mümkünlüyü haqqında açıqlamalar verir. Bu mənada Almatı görüşünün faydalı ola biləcəyi fikri üzərində dayanmaq olar”.

Partiya sədri hesab edir ki, hazırda sərhədlərin dəqiqləşdirilməsi, yerdə sərhəd dirəklərinin basdırılması prosesi gedir:

“Bu, heç də bütövlükdə məlum Almatı razılaşması ilə aparılmır. Azərbaycan və Ermənistan tərəfindən baş nazirlərin müavinləri səviyyəsində ikitərəfli komissiya sərhədlərin delimitasiya, demarkasiyası və kommunikasiya xəttlərinin açılması məsələləri üzərində iş aparır. Bunun da Almatı ilə bağlılığı haqqında əsaslı faktlar yoxdur. Ona görə də, Almatıdan başlayan prosesin Almatı da bitəcək tezisini bu cür ifadə etmək də doğru olmaz”.

Pənah Hüseynə görə, Azərbaycan və Ermənistanın vasitəçilər olmadan Almatıda müzakirə aparması yaxşı əlamətdir:

“Türk Dövlətləri Təşkilatına üzv olan ölkədə sülh sənədi əldə olunsa, bu, hamı tərəfindən də xoş qarşılanar. Çünki Qazaxıstan rəsmi şəkildə bəyan edib ki, o, vasitəçi rolunu oynamır”.


Müəllif: Tapdıq Qurbanlı