1 May 16:49
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də BMT Baş katibinin Sülhməramlı Əməliyyatlar Departamentində qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisi Aleksandr Zuyevi qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə qlobal səviyyədə çox aktual mövzuların müzakirəsi və qarşılıqlı fikir mübadiləsinin aparılması baxımından Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi vurğulanıb.

Bu tədbirdə bir çox ölkədən xeyli sayda nüfuzlu qonağın, eləcə də BMT və digər beynəlxalq təşkilatların, onların müxtəlif qurumlarının nümayəndələrinin iştirak etməsi Foruma dünya səviyyəsində marağın göstəricisi kimi qiymətləndirilib.

Azərbaycan ilə BMT, o cümlədən BMT-nin müxtəlif qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi məmnunluqla qeyd olunub.

Söhbət zamanı COP29-un Azərbaycanda keçirilməsi və bununla bağlı ölkəmizin BMT ilə sıx əməkdaşlıq etdiyi vurğulanıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartini qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə dövlətimizin başçısı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 110-dan çox ölkənin nümayəndələrinin iştirakını və bu tədbirin dünyada sülh gündəliyinin irəlilədilməsinə, dialoqa və körpülərin qurulmasına xidmət etdiyini diqqətə çatdırdı. COVID-lə əlaqədar Forumun təşkilində müəyyən fasilələrin yarandığını deyən Prezident İlham Əliyev artıq onun fəaliyyətinin tam şəkildə bərpa olunduğunu və davamlı şəkildə keçiriləcəyini qeyd etdi.

KAICIID-in Baş katibi bu Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi və dövlətimizin başçısının tədbirin açılışındakı nitqində dünyaya çox vacib mesajlar verdiyini vurğuladı. O, Azərbaycanın müxtəlif dinlər arasında daim bir harmoniya mərkəzi olduğunu dedi, ölkəmizdəki tərəfmüqabilləri ilə yaxından əməkdaşlıq etdiyini bildirdi.

KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verən Baş katib bundan sonra da Azərbaycanla birlikdə müxtəlif layihələrin reallaşdırılması üçün yaxından işləyəcəklərini diqqətə çatdırdı.

O, həmçinin qeyd etdi ki, bu Forum çərçivəsində gündəlikdə duran məsələlər KAICIID tərəfindən də yaxından dəstəklənir.

Dövlətimizin başçısı Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verdiyini bildirdi, ölkəmizin Qoşulmama Hərəkatındakı sədrliyini qeyd etdi. Prezident İlham Əliyev COVID dövründə Azərbaycanın 80-dən çox ölkəyə dəstək göstərdiyini dedi.

Söhbət zamanı KAICIID-lə Azərbaycanın təsisatları arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

***

16:02

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartini qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

15:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətinə Çeçenistan Respublikasının müftisi Salah Mejiyev, Stavropol diyarının müftisi Muxamed Raximov, Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev, Şimali Osetiya - Alaniya Respublikasının müftisi Hacımurad Qatsalov, Adigey Respublikasının müftisi Askarbiy Kardanov, Kalmıkiya Respublikasının müftisi Soltanəhməd Karolayev, Şimali Qafqaz İslam Universitetinin rektoru Şarabuddin Çoçayev və Qafqaz Müsəlmanları İdarəsinin Dağıstan Respublikası üzrə nümayəndəsi Şahabiddin Kərimov daxildir.

Söhbət zamanı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə toxunularaq, müxtəlif mədəniyyətlər və dinlərarası əlaqələrin qurulmasında bu tədbirin rolu qeyd edildi.

Görüşdə Azərbaycanın Rusiyanın müxtəlif regionları, o cümlədən ölkəmizin tarixi, mədəni köklərlə bağlı olduğu Şimali Qafqaz regionu ilə əlaqələrinin ümumilikdə Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin inkişafına töhfə verdiyi vurğulandı.

Dövlətimizin başçısının Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyəti ilə əvvəlki görüşləri məmnunluqla xatırlandı.

Qeyd olundu ki, Azərbaycanın və Rusiyanın Şimali Qafqaz regionunun dini liderlərinin əlaqələri xalqlarımız arasında münasibətlərimizin möhkəmləndirilməsi işinə xidmət edir.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətinə Özbəkistan Müsəlmanlar İdarəsinin sədri Nuriddin Xaliknazarov, Qazaxıstan Müsəlmanlar İdarəsinin sədri Naurızbay Otpenov, Qırğızıstan Müsəlmanlar İdarəsinin sədri Abdulaziz Zakirov və Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal daxildir.

Görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirin xalqlar və müxtəlif dinlərin nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsi işinə böyük töhfə verdiyi bildirildi.

Prezident İlham Əliyev Türkdilli dövlətlər arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, eyni zamanda, bu ölkələrin dini liderləri arasında əməkdaşlığın həyata keçirilməsinin önəmini qeyd etdi və vurğuladı ki, bu əməkdaşlıq ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir. Dövlətimizin başçısı qonaqların işğaldan azad olunmuş ərazilərimizə səfərinin önəminə toxunaraq bu səfərin orada gedən proseslərlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağını bildirdi.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri zamanı Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri zamanı Ağdamın Xıdırlı kəndində inşa olunacaq tam orta məktəb binasının təməlinin qoyulmasını dostluq və qardaşlıq əlaqələrimizin təzahürü kimi dəyərləndirdi. Eyni zamanda, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladı.

Özbəkistan Müsəlmanlar İdarəsinin sədri Nuriddin Xaliknazarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal isə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın salamlarını dövlətimizin başçısına çatdırdılar.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə və Ersin Tatara çatdırmağı xahiş etdi.

Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirən dini liderlər bu Forumun önəmini vurğuladılar, dövlətimizin başçısının Forumda məzmunlu çıxışının onlara dərin təəssürat hissi bağışladığını dedilər. Qonaqlar bu tədbirin türkdilli dövlətlər arasında dostluq və qardaşlıq əlaqələrinə söykənən tarixi, dini, mədəni köklərimizin bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini vurğuladılar.

Prezident İlham Əliyev işğal dövründə ermənilər tərəfindən tarixi-dini abidələrimizin dağıdıldığını qeyd edərək hazırda həmin ərazilərimizdə aparılan genişmiqyaslı bərpa işləri çərçivəsində yeni məscidlərin inşa edildiyini, dağıdılanların isə bərpa olunduğunu dedi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dini azadlıqların təmin olunması, islami dəyərlərin qorunması işinə dövlət səviyyəsində göstərilən qayğıya, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda tarixi-dini abidələrimizin, məscidlərimizin bərpasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi olaraq qeyd etdi, Fondun dini-mədəni sərvətlərimizin qorunmasında oynadığı rolu vurğuladı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda dini dəyərlərin qorunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini dərin ehtiramla yad etdi.

***

12:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətinə Özbəkistan Müsəlmanlar İdarəsinin sədri Nuriddin Xaliknazarov, Qazaxıstan Müsəlmanlar İdarəsinin sədri Naurızbay Otpenov, Qırğızıstan Müsəlmanlar İdarəsinin sədri Abdulaziz Zakirov və Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal daxildir.

***

Prezident İlham Əliyev mayın 1-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Çeçenistan Respublikasının müftisi Salah Mejiyev, Stavropol diyarının müftisi Muxamed Raximov, Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev, Şimali Osetiya - Alaniya Respublikasının müftisi Hacımurad Qatsalov, Adigey Respublikasının müftisi Askarbiy Kardanov, Kalmıkiya Respublikasının müftisi Soltanəhməd Karolayev, Şimali Qafqaz İslam Universitetinin rektoru Şarabuddin Çoçayev və Qafqaz Müsəlmanları İdarəsinin Dağıstan Respublikası üzrə nümayəndəsi Şahabiddin Kərimov daxildir.


Müəllif: Teleqraf.com