Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Gürcüstan Fransanın Ermənistana öz ərazindən silah göndərməsinə icazə verdi. Azərbaycanla münasibətlərin yaxşı olduğu vaxtda Tiflis niyə bu addımı atdı?
- Gürcüstanın özünün dövlət və hakimiyyət maraqları var. Bu gün dəbdədir ki, hər kəs Gürcüstana Avropa Birliyi səviyyəsində ciddi təzyiqlərin olduğunu iddia edir. Ancaq zaman-zaman Avropa Birliyi Gürcüstan hökumətinə çox ciddi təzyiqlər edib. Gürcüstan dövləti öz maraqlarından geri çəkilməyib. Hakimiyyəti qoruyub saxlamaq məsələsi gündəm olanda heç bir təzyiq Gürcüstan hökumətinə təsir edə bilmir. Burada təzyiqlərdən daha çox ciddi bazarlığın getdiyini demək lazımdır.
Çünki Avropa Birliyinin üzvlüklə bağlı namizədlik statusunu vermək üçün konkret şərtləri Gürcüstanın qarşısına qoymuşdu. Bu şərtlərin əksəriyyəti hələ də Gürcüstan hökumətinin iddiasına rəğmən yerinə yetirilməyib. Korrupsiya ilə mübarizə, məhkəmə sistemi, eyni zamanda seçki sistemində şəffaflığı təmin etmək üçün yeni qanunvericilik və bu kontekstdə iqtidarla müxalifət arasında anlaşma, Saakaşvili Həbsdən buraxılaraq Avropa tibb müəssisələrində müalicəsi - kimi şərtlər vardı. Bunların heç biri yerinə yetirilməyib. Nə dəyişdi ki, birdən-birə Gürcüstana namizədlik statusu haqqında Avropa Komissiyası rəy verdi. Bunlar hamısı göstəricidir. Onu göstərir ki, ortada ciddi bir bazarlıq var. Niyə bu gün bu bazarlığa gedildi və Gürcüstan buna razılıq verdi? Çünki irəlidə Gürcüstanda parlament seçkiləri keçiriləcək. Ukraynanın, Moldovanın namizədlik statusu qazanmağına baxmayaraq Gürsüstan hökuməti istədiyini ala bilməyib. Belə bir vaxtda parlament seçkilərinə əliboş getmək Bidzina İvanişvili rejiminin məğlubiyyəti, məhvi deməkdir.
Ona görə də bu, seçki öncəsi ən böyük üstünlük, İvanişvili hökumətin istədiyinə nail olması idi. Avropa Birliyinə üzv olmaq üçün namizədlik statusu ilə seçkiyə getmək, Gürcü Arzusu partiyasının iqtidarının mövqelərini gücləndirəcək. Gürcüstan dost saydığı Azərbaycanın, hətta kriminal sayılan İvanişvili rejiminin müəyyən mənada ciddi əlaqələrinin olduğu Rusiyanın maraqlarını gözardı edə bildi. Bu, yalnız Azərbaycan məsələsi deyil. Burada Rusiya faktoru var. Çünki bu silahların verilməsi təkcə Ermənistanı Azərbaycandan qorumaq xarakterli deyil. Nikol Paşinyan hökumətini Rusiyanın nüvəsi olduğu təşkilatdan çıxmaqla bağlı iddia qaldırdığı təqdirdə Moskvanın təhlükəsindən qorumaq xarakteri daşıyır. Bunu ciddi bir bazarlıq nəticəsində ortaya çıxan və İvanişvili rejiminin sadəcə siyasi manipulyasiya, manevra qabiliyyəti ilə əlaqələndirirəm. Bu seçkilərə doğru artıq Gürcüstanda yeni rəngli inqilabların toxumları səpilirdi. Xüsusilə də Saakaşvilinin açıqlamalarında da açıq hiss olunurdu. Gürcüstanın siyasi müstəvisində ciddi bir gərginliyin yaşandığı və bunun xüsusilə də Qərb ölkələri, Avropa Birliyi, ABŞ arasında olduğu sezilirdi. Ona görə də mühiti yumşaltmaq, seçkiyə mövqeyi daha güclü getmək üçün İvanişvili rejimi belə sövdələşməyə razı oldu.
- Sizcə Prosesin sonunda Gürcüstan Avropa Birliyinə qəbul olunacaqmı?
- Yaxın on il müddətində Gürcüstan Avropa Birliyinə daxil olmaq məsələsini heç yuxusunda belə görə bilməyəcək. Bu sadəcə siyasi üstünlük olaraq Gürcüstan ictimai rəyinə, elektoratına təqdim olunan fikirdir. Parlament seçkilərinə bu rejim Avropa Birliyinə namizədlik statusu ilə gedib. Əsas siyasəti də bu kontekstdə quracaqlar. Gürcüstan hökuməti ilə prezident Zurabişvili arasında gərginlik təxminən bu müstəvidə idi. Zurabişvilinin çalışdığı bundan ibarət idi ki, bütün şərtlər qəbul olsun, islahatlar aparılsın. Gürcüstan Rusiyadan uzaqlaşsın və Avropa Birliyinə doğru ciddi inteqrasiya siyasəti yürütsün. Ancaq bunu İvanişvili rejimi qəbul etmirdi. Hətta bu gün belə qəbul etdiyini düşünmürəm. Sadəcə olaraq qısamüddətli, ən azından siyasi uğur görüntüsü yaratmaq xarakteri daşıyır ki, seçkiyə daha normal getsin. Əks təqdirdə bütövlükdə hakimiyyəti itirmək təhlükəsi mövcuddur. Bunu çox gözəl anlayırlar.
- Gürcüstanın bu addımından sonra Tiflis Ermənista-Azərbaycan danışıqları üçün platforma olmaq şansını itirdimi?
- Gürcüstanın bu prosesdə hər hansı geosiyasi məqsədləri yoxdur. Gürcüstan neytral ölkədir. Sadəcə, Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə bağlı konteksdə bildirilirdi ki, Cənubi Qafqazda təhlükəsizlik arxitekturası naminə bu danışıqları Gürcüstanda keçirmək uyğundur. Gələcəkdə iqtisadi, təhlükəsizlik məsələsini bütövləşdirə bilər. Bunun böyük anlamı Qafqazın təhlükəsizlik arxitekturası idi ki, bu da 1990-cı illərin ideyasıdır. Bu məsələ tək Cənubi Qafqazı deyil, Şimali Qafqazı da özünün əhatəsinə alır. Mərhum Dudayevin dövründə belə bir ideya vardı. Düşünülürdü ki, Çeçenistan azad olarsa, gələcək perspektiv də digər Şimali Qafqaz ölkələri də Rusiyaya qarşı öz müstəqilliklərini elan edib və onlardan ayrıla bilərlər. Belə olduğu təqdirdə Qafqaz parçalanmaz bir bütün olar. Bütün Qafqaz çərçivəsində bir təhlükəsizlik arxitekturasının qurulması bu regionun inkişafı, həm də təhlükəsizliyinə ciddi töhfə verərdi. Buna görə də məsələ bu kontekstdə düşünülürdü. Ayrıca Qərb və yaxud Rusiya kimi konkret özünün geosiyasi maraqlarını bu prosesdə təmin etmək yox, sadəcə region - qonşu Cənubi Qafqazdakı ölkələrlə normal münasibətlər qurmaq xatirinə bu cür vasitəçiliyə Gürcüstan razı olmuşdu. Yəni bu, hər kəsin xeyrinə olan bir layihədir. Düşünmürəm ki, sınıq-salxaq texnikaların Ermənistana verilməsi Azərbaycan-Gürcüstan münasibətlərinə ciddi zərər versin. Buna inanmıram və ehtiyac da yoxdur. Amma məsələ haqda Gürcüstan izahat verməlidir. Bundan sonra atılacaq addımlarla bağlı müəyyən öhdəliklər və razılaşma olmalıdır. Ola bilsin ki, Fransadan sonra digər Avropa ölkələri də Ermənistana silah-sursat göndərmək istəyə bilər. Bu məsələnin qaranlıq tərəfi var. Birincisi, bu məsələnin Ermənistanla arasında hansı saziş və maliyyə əsasında həyata keçirildiyi məsələsi hələlik qaranlıqdır. Çünki konkret ortada saziş olmalıdır. Bu məsələyə Fransanın Müdafiə Nazirliyi razılıq verməlidir. Ortalıqda qaranlıq məqamlar var. Bu razılıqlar olmadan Gürcüstanın prosesə icazə verməsi qanuna və beynəlxalq hüquqa ziddir. Ən azından Azərbaycanla normal dostluq münasibətlərinə ziddir. Bunun hamısının hesabı Gürcüstandan soruşulmalıdır ki, nəyə görə birdən-birə Azərbaycan xəbərdar olunmadan bu cür addımlara razılıq verilib.
- Hərbi texnikanın keçidinə şərait yaradılması üçün Fransa Gürcüstanı Avropa İttifaqı üzvlüyü məsələsi ilə şantaj edə bilər?
- Bu məsələdə əsas rol oynayan Fransadır. Fransa namizədlik statusunu alması ilə bağlı Gürcüstana konkret vədlər verib. Əvvəllər bu statusda Almaniya çıxış edirdisə, bu gün artıq Fransa önə keçib. Maraqlıdır ki, bir çox proseslərdə və hadisələrdə Avropa Birliyi rəhbərliyi və üzv ölkələr Fransanın bu cür yanlış siyasətinin girovuna çevrilib. Bu, Avropa üçün ciddi problemlər yaratmağa başlayıb. Hələ də Avropa Birliyi Fransanın bu absurd siyasətinin girovundan çıxmaqla bağlı konkret heç nə etmir.