8 Aprel 15:42
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Fənərbağça” klubu superkubok uğrunda mübarizədə üç dəqiqə sonra meydançanı tərk etdiyi üçün, çox güman, Türkiyə Futbol Federasiyası (TFF) ona texniki məğlubiyyət veriləcək. Amma məsələnin detallarına varmaq lazımdır. TFF-yə Mehmet Büyükekşi prezident seçiləndən sonra Türkiyə futbolunda problemlər bitmir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “CBC Sport”un şərhçisi Elçin Cəfərov deyib.

Onun sözlərinə görə, verilən vədlər kölgədə qalıb, əməldə icra olunmayıb: “Baş verən son hadisələr, eləcə də hakimlərin “Fənərbağça”nın əleyhinə yanlış qərarların qəbulu, həftələr öncə Trabzonda yaşananlara yetərincə hüquqi qiymət verilməməsi nəticəsində klub prezidenti Ali Koç TFF-yə çağırışlar etmişdi.

Bu çağırışlardan biri də oyunu legioner hakimlərin idarə etməsi ilə bağlı idi. Amma Federasiya buna məhəl qoymadı. Trabzonda azarkeşlərlə yaşanan qarşıdurma zamanı hətta futbolçular arasında ölüm də bilərdi. “Fənərbağça”nın istəklərinə əhəmiyyət verilməməsi Türkiyə futbolunun belə rəzil duruma düşməsi ilə nəticələndi. Artıq bu hadisə manşetlərdə utancverici hadisə kimi qiymətləndirilir.

“Fənərbağça” “Olimpiakos”la qarşılaşmaya görə superkubok oyununu təxirə salmaq istəyirdi. TFF bu zaman “Biz razı olarıq, amma “Qalatasaray” razı olmaz” deyərək bütün məsuliyyəti “Qalatasaray”ın üstünə atdı. “Fənərbağça” tərəfdən baxsaq, mən Ali Koçun bu addımını alqışlayıram. Digər tərəfdən, “Qalarasaray” da Avrokuboklarda oynayıb. Amma heç vaxt belə güzəşt istəməyib”.

Şərhçi zaman-zaman klublarla klublar, TFF ilə klublar, eləcə də klub azarkeşləri arasında həddini aşan intriqalara da toxunub: “Düzdür, intriqalar oyuna əlavə maraq qatır. Amma bu hal futbol üçün faydalı deyil. Son dönəmlərdə Türkiyə futboluna fikir versəniz, görərsiniz ki, intriqalar klublar üzərindən deyil, hakim səhvlərinin üzərindən dəyərləndirilir. Hər iki tərəf üçün qərəzli qərarlar verilir.

VAR müşahidəsinə baxmayaraq, yenə də səhvlər olur. Mən TFF-nin indiki prezidentinin fəaliyyətini çox aşağı qiymətləndirirəm. Təkcə superkuboka görə deyil, xatırlayırsızsa, “Ankaraspor”-“Rizespor” matçında baş hakimin döyülməsi də eyni səbəblərdən qaynaqlanırdı”.

Elçin Cəfərov qeyd edib ki, müəyyən çərçivələrdə kublararası intriqalar tək Türkiyədə yox, bütün dünyada baş verir: “Klublarının biri-birlərinə atmacaları Türkiyə futbol tarixində həmişə olub. Deyilənə görə, iyulda seçkilər keçiriləcək. Düşünürəm ki, federasiya rəhbərliyinin dəyişməsi ilə işlər qaydasına düşə bilər.

Bir məqam da var: biri var tamaşaçı, biri var azarkeş. Azarkeşlər bəzən belə səhvlərə yol verirlər. Məsələn, “Qarabağ”–“Neftçi” oyununda tribunada “Qarabağ”ın “İmarət” fanklubu Qara Qarayevin ünvanına təhqiramiz ifadələr səsləndirmişdi. Bu da yaxşı hal deyil.

Tribunada əyləşən azarkeşlərin hərəsi bir tərbiyə görüb, müxtəlif təbəqələrdən çıxan insanlardır. Təbii, azarkeşlər komandanın uğurları ilə nəfəs alır. Onların pəncərəsindən baxsaq, etirazlar futbola əlavə rəng qatır.

Avroliqa oyunlarında “Qarabağ”ın oyununa 32 min izləyici gəlir. Lakin çempionluq oyununda heç 500-600 nəfər olmur. Futbol azarkeşliyi bizdə hələ yaxşı inkişaf etməyib. Amma necə deyərlər, dama-dama göl olar. Ümid edirəm gələcəkdə komandaların sayı artdıqca, regionlarımız futbola daha çox cəlb olunduqca, fanatlıq futbolumuza əlavə rəng qatacaq. Amma müəyyən çərçivə daxilində...”


Müəllif: Nigar Qəhrəmanlı

Oxşar xəbərlər