14 İyun 2023 17:43
2 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Lalə Məmmədova "Gülüstan” sarayında prezident İlham Əliyevin dəvət ilə ölkəmizdə səfərdə olan zaman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə verilən ziyafətdəki çıxışından danışıb.

Əməkdar artist Teleqraf.com-a çıxışıyla bağlı təəssüratlarını bölüşüb:

“İki böyük ölkənin rəhbərləri və onların xanımlarının önündə çıxış etmək qürurvericidir. O məsuliyyətdən, həyacandan ağlıma gətirə bilməzdim ki, bundan sonra bu mərhələ başlayacaq və hər kəs çıxışımla bağlı xoş sözlərini bildirəcək. Bu mənim sənətimdə tarixi bir an, bir hadisə oldu. Heç gözləmirdim ki, gecə bitdikdən sonra onlar bizimlə gəlib görüşəcəklər.

Mərasimdə olduqca səmimi ab-hava yaşanırdı. Biz musiqiçilər çox həyəcanlı idik. Hər zaman deyirəm ki, idmançılar və musiqiçilər ömürlərinin sonuna qədər hər çıxışlarında özlərini sübut etməlidirlər.

Dövlət rəhbərləri tərəfindən bizim çıxışımız çox yüksək qiymətləndirildi. Konserti izləyənlər yazıb dedilər ki, hər şey muncuq kimi düzülmüşdü. Bir dənə artıq-əskik şey yox idi. Mənə Mədəniyyət Nazirliyindən təklif gəldi. Ziyafətdə “Qal, sənə qurban" mahnısını səsləndirdim. Mən və sənət yoldaşlarım Rəcəb Tayyib Ərdoğanın sevdiyi nəğmələri səsləndirdik. Oxuduğum Mikayıl Müşfiqin sözlərinə yazılmış “Qal, sənə qurban” mahnısı isə həm Azərbaycanda, həm də Türkiyə musiqi sahəsində xüsusi yeri olan mahnıdır.

Düzdür, bu mahnının sözlərini türklər dəyişib, başqa cür oxuyurlar, amma mən Mikayıl Müşfiqin orijinal yazdığı kimi oxudum. Bütün ifaçılarda seçim çox düzgün idi”.

İfaçı ailə üzvlərinin çıxışına münasibətindən də danışıb: “Anam üçün müğənni kimi yedd-səkkizinci yerdəyəm. Amma çıxışımı çox yüksək qiymətləndirdi və mesaj yazaraq sevincini dilə gətirdi. Amma təəssüf etdim ki, kaş atam da sağ olardı və mənim bu günlərimi görərdi.

Böyük qızımın başı “Son Zəng”ə qarışıb. Amma kiçik qızım təəccüblə dedi ki, “ana, sən prezindentlərin önündə oxumusan...” Həqiqətən məni sevənlərin daxilində bir sevinc hissi var idi. Böyük insanların sənətimizə olan münasibəti çox böyük önəm kəsb edir. Tarixi bir gün idi və bu tarixi günə qatqım olduğuna görə çox sevinc və qürur hissi yaşayıram”.


Müəllif: Rəqsanə Həsənova