24 Aprel 20:17
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Taleh Yüzbəyov “Alatava” serialını tənqid edənlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb:

““Alatava” serialı, dolayı yolla isə İctimai TV-yə qarşı qəribə bir kampaniya başlayıb. Kimsə eyni tənqid statusunu ayrı-ayrı səhifələrdə və profillərdə paylaşdırır, Xalq artistlərindən müsahibə alınıb, tirajlanır və s. Gözünə döndüyüm Xalq artistlərimiz də gözünü yumub, ağzını açıb. Biri deyir, “Onların başlarını əzmək lazımdır”, biri deyir, “Bu cür seriallara geri zəkalılar baxır”, hər ikisi bir ağızdan deyir ki, “Bu tərbiyəsizlikdir!”.

Yüzbəyov serialın televiziyada söyüş və vulqar ifadələrlə yayımlanmadığını qeyd edib:

“And içə bilər, amma sübut eləyə bilmərəm ki, həmin Xalq artistlərimiz serialımızın heç bir bölümünə də efirdə baxmayıb. Çünki baxsalar, bilərdilər ki, efirdə heç bir vulqar ifadə, söyüş səslənmir. Serial yalnız “Youtube”da olduğu kimi nümayiş olunur. Həm də siz niyə özünüzü əxlaq polisi kimi aparırsınız ki? Siz axı aktyorsunuz. Sənət adamlarısınız. Əgər, doğrudan da, öz sənət yoldaşlarınıza və cəmiyyətə faydalı olmaq istəyirsinizsə, serialda aktyor oyunundan danışın, bədii həllindən danışın, ssenariyə fikir bildirin. Bu baxımdan ürəyiniz istədiyi qədər tənqid eləyin. Əgər etiraz eləsək, sizin dediyiniz kimi, tərbiyəsiz olarıq. Onda, bəlkə, sizə qulaq asıb, sizdən öyrənərik, səhvlərimizi düzəldərik. Amma siz bu yaşda kiminsə oyununun aləti olursunuz. Vallah yaraşdırmıram sizə!

Söyüş söymək isə tərbiyəsizlik deyil. Bir sıra böyük şair və şairələrimizin şeirlərində, yazıçılarımızın əsərlərində, filmlərimizdə də söyüş var. Bir də hər personajın öz danışıq dili olur. Bu serial isə küçə uşaqlarından bəhs eləyir. Bağışlayın ki, onları səhnə danışığı müəllimi kimi danışdırmaq istəmirik. Və onların söyüşlərində biz tərbiyəsizlik görmürük. Lətifəsi bu Xalq artistlərimizdən uzaq, bizə görə tərbiyəsizlik məbəd dediyiniz teatrda gənc aktyor kirayədə qala-qala, özünə dövlətdən ikinci evi istəməkdir. Tərbiyəsizlik həmin o Əməkdar və Xalq artisti adına görə hər cür hoqqadan çıxıb, layiqli başqa aktyorun haqqına girməkdir. Tərbiyəsizlik dövlətin sənət üçün ayırdığı pulları yeməkdir. Tərbiyəsizlik o artisti olduğun xalqın bu seriala baxan haradasa 1 milyon şəxsinə “geri zəkalı” deməkdir. Tərbiyəsizlik bu sənətdə olub, bu sənətin inkişafı üçün heç nə eləməməkdir. Bizim də serialda Xalq və Əməkdar artistlər var. Onlar bəzən ödənişsiz, bəzən çox aşağı məbləğə bizə dəstək olublar. Sizcə, onlar nəyə və niyə çəkildiklərini bilmirlər?! Biz isə bəzən borca, bəzən öz pulumuza film və serial çəkənlərik. Heç kəsdən də heç nə umub, heç nə tələb eləmirik. Biz öz işimizi görürük. Qiyməti isə tamaşaçılar və zaman verəcək. Sizə isə, əziz Xalq artistlərimiz, Allahdan uzun ömür, cansağlığı arzulayırıq. Bu sənətə ömrünüzü həsr eləmisiniz. Çəkildiyiniz filmlərə, oynadığınız tamaşalara baxıb böyümüşük. Bunlara görə çox sağ olun! Bu oyunu quranlara isə yaxşı heç nə arzulamırıq. Çünki elədikləri şey yaxşı iş deyil. Bakı balaca şəhərdir, axır-əvvəl kim olduqları üzə çıxacaq. Oğurluq və “belə oyun qurmağın” ömrü 40 gündür. Heç olmasa Xalq artistlərimizi bu oyunda alət eləməyin. Açıq mübarizə aparın. Amma çətin sizdə o göz olsun. Bir filmimizdə deyildiyi kimi: “Kişinin qoluna qandalı da gərək kişi vursun”.

Qeyd edək ki, ekran işini Xalq artistləri Rasim Balayev və Əli Nur tənqid edərək bəyənmədiklərini söyləyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər