4 Mart 12:12
2 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük və ən mürəkkəb qum təpələrindən birinin yaşı ilk dəfə hesablanıb. Ulduz və ya piramida qum təpələri adlarını müxtəlif formalarından alır, hündürlükləri yüzlərlə metrə çata bilir. Əsasən Afrika, Asiya və Şimali Amerikada yerləşirlər, Marsda da rast gəlinir.

Teleqraf.com xəbər verir ki, tədqiqatçılar indiyədək qum təpələrinin nə vaxt yarandığını öyrənə bilməyiblər.

Elm adamları Mərakeşdə yerləşən Lala Lallia adlı qum təpəsinin 13 min il əvvəl əmələ gəldiyini müəyyən ediblər.

Qum təpələri istiqamətini dəyişən və bir-birinə qarşı əsən küləklərdən əmələ gəlir.

Tədqiqat Birkbek Universiteti tərəfindən aparılıb. Çarlz Bristou ilə birgə tədqiqatın müəllifi olan Aberistuit Universitetinin professoru Jeff Daller təpələrin yaşlarının müəyyən edilməsinin elm adamlarına bu küləkləri və dövrün iqlimini anlamağa kömək edəcəyini söyləyib.

Berber dilində “ən yüksək müqəddəs nöqtə” mənasını verən Lala Lallia Mərakeşin cənub-şərqindəki Erq-Şebbi səhrasında yerləşir. Hündürlüyü 100, qollarının eni isə 700 metrdir. İlkin formalaşmasından sonra böyüməsi 8 min il dayanıb, son bir neçə min ildə sürətlə genişlənib.

Normalda səhraları Yerin geoloji tarixi kimi təyin etmək olar, amma qum təpələri indiyə qədər bu tarixdə öz yerini tutmayıb. Dallerin dediyinə görə, bu, səhraların çox böyük olması ilə əlaqədar ola bilər.

“Bu tapıntılar çoxlarını təəccübləndirəcək, çünki bu nəhəng qum təpələrinin necə əmələ gəldiyini, ildə 50 santimetr sürətlə səhrada hərəkət etdiyini görə bilərik”, - elm adamı vurğulayıb.

Bu nəhəng qum təpələrindən biri ABŞ-nin Kolorado ştatında yerləşir, hündürlüyü 225 metrdir.

Professor Daller bu təpələrə qalxmağın çətin olduğunu da qeyd edib:

“Dırmaşanda iki addım irəli. bir addım geri gedirsən. Amma buna dəyər. Yuxarıdan gözəl görünürlər”.


Müəllif: Mənsur Rəğbətoğlu