4 Oktyabr 2022 12:14
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan rəhbərliyi türk dünyası üçün həyati əhəmiyyət kəsb edən Zəngəzur dəhlizini şantaj vasitəsinə çevirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzetində dərc olunan məqalədə bildirilir.

Nəşr qeyd edir ki, Baş nazir Nikol Paşinyan İkinci Qarabağ Müharibəsindən sonra imzalanan müqaviləyə baxmayaraq, “stolüstü oyun”la Azərbaycana məxsus torpaqları Ermənistana qatmağa çalışır:

Professor Qafar Mehdiyev “Türkiyə”yə açıqlamasında deyib ki, ermənilərin iddia etdiyi torpaqlar Azərbaycan əraziləridir:

“Ermənilər Naxçıvanın Kərki, Qazax rayonunun Bağanıs Ayrım, Bərxudarlı, Sofulu, Xeyrimli, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərini, xüsusən də Qarabağ yaşayış məntəqələrinin bir qismini mənimsəməyə çalışırlar. SSRİ dövründə Azərbaycandan qoparılan Dərələyəz, Vedi, Zəngibasar, Ağbaba, Loru Təmbək kimi rayonlar, o cümlədən Zəngəzur və Göyçə Ermənistana verilib. Yəni ermənilər torpaqlarımızı döyüşərək ələ keçirməyiblər.

Ermənistanın ərazisi 27 min kvadrat kilometrdir. Bunun 20 minini qəsblə ələ keçiriblər. Sovet dövrünün xəritələrinə əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 114 min kvadratkilometr ərazisi vardı. Hazırda 86 min 600 kvadrat kilometrdir. Qalanı isə erməni işğalı altındadır. Eyni şey Naxçıvana da aiddir. Azərbaycan erməni şantajına qarşı zəbt edilmiş ərazilərinin qaytarılmasını tələb edir. Haqqımız olan ərazilərimizi geri qaytarsaq, Azərbaycanın ərazisi Bakıdan Qarsa qədər uzanacaq və Türkiyə ilə Azərbaycan arasında heç bir ölkə olmayacaq”.

Siyasi ekspert Əhməd Şahidov da türk nəşrinə açıqlamasında ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarına diqqət çəkib:

“SSRİ dağılanda ölkə-sərhəd xəritəsi yox idi. Bundan sonra Rusiyanın dəstəyi ilə Qarabağı işğal etdilər, qırğın törətdilər. İşğal etdikləri torpaqlara sahib çıxmaq istəkləri beynəlxalq hüquqa ziddir. İkinci Qarabağ Müharibəsi və bundan sonra imzalanan Moskva müqaviləsi kimin hansı torpaqlara sahib olması sualını gündəmə gətirib. Paşinyan həmin müqavilənin 9-cu maddəsini - Zəngəzur dəhlizinin açılmasının tələb olunduğu hissəsini rəsmən qəbul edib. Amma indi bu anlaşmadan kozır kimi istifadə etməyə, yeni fəsillər açmağa çalışır. Bizim istəyimiz budur ki, hansı ərazilərin kimə məxsus olması sualı cavab tapsın.

Rusiyanın Ukraynada çətin vəziyyətdə olduğunu düşünən Qərb İrəvanın münasibətinin dəyişməsində həlledici amildir. Xüsusilə ABŞ və Fransa bu məsələdə iki fəal ölkədir. ABŞ Ermənistandan Qafqaza giriş dəhlizi kimi istifadə etmək istəyir. Rusiyanın gücünü itirəcəyi təqdirdə Ermənistana daxil olmağı planlaşdırır. Fransa isə həm bölgədə keçmiş istismar nizamını bərpa etmək, həm də Türkiyəyə qarşı istifadə etmək üçün prosesi sabotaj etmək istəyir. Mövcud razılaşmaya baxmayaraq, iki ölkə bir növ vasitəçi olacaqları bir dönəmə başlamağı hədəfləyir”.

Əhməd Şahidov bildirib ki, anlaşmaya əsasən, Rusiya sülhməramlıları 2025-ci ildə indi nəzarət etdikləri bütün əraziləri Azərbaycana təhvil verəcək:

“Azərbaycan Moskva müqaviləsinin bütün müddəalarını yerinə yetirir, İrəvan isə öhdəliklərini yerinə yetirməkdən yayınır. Paşinyan Qərb dövlətlərinin göstərişi ilə Moskvadan yan keçmək istəyir. Naxçıvanda, Qazaxda, Qarabağda bir çox strateji nöqtələri bizdən ayırmağa çalışırlar. Ancaq şərtlər nə olur-olsun, əvvələ qayıda bilməyəcəklər. Həm həm Moskva müqaviləsi, həm Soçidə, həm də Brüsseldə əldə edilən anlaşmalar və buradakı bəndlər göz qabağındadır”.


Müəllif: Mənsur Rəğbətoğlu