29 Avqust 2023 16:50
2 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qarabağda yaşayan ermənilərə öz qayğısını, diqqətini növbəti dəfə göstərir. Hesab edirəm ki, Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınması çox önəmli addımdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, söhbət həqiqətən orada olan insanlara yardımdan gedirsə, Azərbaycan bu yardımı edir və edəcək:

"Düşünürəm ki, bunun nəticələri olacaq. Söhbət şoudan, ermənilərin davranışlarından gedirsə, biz onları fakt qarşısında qoyuruq. Bu məsələ Ermənistanın bir müddətdir başlatdığı yalan kampaniyasının qarşısının alınmasına, erməni siyasətinin ifşasına öz təsirini birmənalı olaraq göstərəcək. Beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycanındır. Razılığımız olmadan heç kim bu ərazilərə daxil ola bilməz. Orada yaşayan şəxslərə də razılığımız olmadan heç kim yardım göstərə bilməz. Azərbaycan növbəti jestini edir, uğurlu addımını atır, bunun ciddi nəticələri olacaq”.

Deputatın sözlərinə görə, Azərbaycan erməni əsilli sakinlərə sahib çıxmağa hazırdır:

"Buna sadəcə Ermənistan və Qarabağdakı separatçılar şərait yaratmalıdırlar. Şərait yaratmasalar, beynəlxalq hüquqa əsasən Azərbaycan lazımi bütün addımları atmağa hazırdır".


Müəllif: Əsəd Məmmədəliyev