2 İyun 2022 17:02
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın müxtəlif şəhərləri və xüsusilə Bakı region üçün əhəmiyyəti artmaqda olan tədbirlərin keçirildiyi mərkəzdir. 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin qatıldığı Bakı Enerji Həftəsi növbəti mötəbər tədbirlərdən biridir. Bu özündə müxtəlif layihələri, o cümlədən, 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu ehtiva edir. Sözsüz ki, regionun ən böyük sənaye tədbiri Azərbaycan, bölgə və dünya dövlətləri üçün də böyük əhəmiyyət kəsb edir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılışında çıxış edən Prezident İlham Əliyev şaxələndirmə, enerji təhlükəsizliyinin başlıca amillərindən bəhs edib:

“Dövlət başçısının rəhbərliyi ilə görülən işlərin nəticəsində artıq Azərbaycanın müxtəlif istiqamətə uzanan 3 neft və 4 qaz boru kəməri mövcuddur. Ölkəmiz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırır. Bu şaxələndirilmiş ixrac marşrutları ilə yanaşı, yeni xətlər də nəzərdən keçirilir. Prezident İlham Əliyev bir daha Zəngəzur dəhlizinin fəaliyyəti, onun yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola biləcəyi haqqında fikirlərini qeyd etdi”.

Professor xatırladıb ki, ilk sərgi "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilib:

“Həmin dövrdə ümummilli lider Heydər Əliyev Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib. Məhz o vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. Ötən dövrdə Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və getdikcə sayı artan ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynamağa çalışır. Vətən müharibəsini Qələbə ilə başa vuran Azərbaycan 30 ilə yaxın işğalda qalan tarixi ərazilərində böyükmiqyaslı yenidənqurma işləri həyata keçirir. Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaq”.

Hicran Hüseynova ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubun olduqca böyük əhəmiyyət kəsb etməsindən bəhs edib:

“ABŞ Azərbaycan diplomatik münasibətlərinin 30 ili tamam oldu. ABŞ-ın ötən dövrdə və bu gün də Azərbaycanın sadiq tərəfdaşıdır. Məhz bu məktubda da bir neçə önəmli məsələ öz əksini tapıb. Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycanın potensialına nail olunması, şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasına verilən mühüm qiymətdir. İqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, vətəndaşların yaşayış standartlarının yüksəldilməsi istiqamətində davamlı addımlar alqışlanır”.


Müəllif: Tapdıq Qurbanlı