27 Aprel 22:14
6 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyatda elə anlar olur ki, insanı o günün qəhrəmanına çevirir. Heç kimin gözləmədiyi bir vaxtda verilən təpki tarix boyunca unudulmaz edir. Bu yazıda o şəxslərdən birindən bəhs edəcəyik. Azərbaycan Cümhuriyyəti nazirlərindən və Parlamentinin üzvlərindən olan Ağa Aşurovdan.

Ağa Aşurov 1886-cı ildə Bakıda doğulub. İlk təhsilini ailəsindən alıb, ərəb, fars dillərini öyrənib. 1898-1905-ci ildə Bakıda edadi məktəbdə oxuyub. 1910-cu ildə Darmştadt Böyükhersoq Ali Texniki Mәktәbini elektrotexnika mühəndisi olaraq bitirib. Almaniyada ikən alman xanım Anna ilə evlənib. Rusiyaya qayıtdıqdan sonra imtahanlardan keçərək 1911-ci ildə İmperator III Aleksandr adına Xarkov Texnologiya İnstitutunun texnoloq mühəndis diplomunu alıb. Bakıya qayıtdıqdan sonra 1917-ci ilədək “Elektrik işığı” firmasında mühәndislik edib.

Ağa Aşurov 1911-ci ildə Bakı Şəhər Dumasına deputat seçilib, 1918-ci ilə qədər bu vəzifədə müsəlmanların hüquqlarını sonadək müdafiə edib. “Nəşri-maarif” cəmiyyətinin sədri olduğu dövrdə də təhsilin inkişafı ilə bağlı mühüm işlər görüb.

Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra ikinci hökumət kabinetində Ağa Aşurov ticarәt vә sәnaye, həmçinin ərzaq naziri təyin olunub. Oktyabr ayında Aşurov poçt vә teleqraf naziri vəzifəsinə layiq görülüb. Azәrbaycanın ilk poçt markaları onun nazirliyi dönәmindә hazırlanıb. Üçüncü hökumət kabinetində yer almayan Aşurov 1919-cu ilin yanvarından etibarən Azərbaycan Parlamentinin üzvü kimi fəaliyyətə başlayıb. Başlanğıcda heç bir partiyaya üzv olmayan Aşurov 23 oktyabr 1919-cu ildə Vətənin mənfəəti naminə Müsavat fraksiyasına qoşulub. Parlamentdəki müzakirələrdə başda Əliheydər Qarayev olmaqla bolşeviklərlə mübarizə aparıb.

Böyük nəslin təmsilçisi olan Ağa Aşurov parlamentin sonuncu iclasındakı addımına görə Azərbaycan tarixində öz müstəsna yerini tutub. Bu iclasda Müsavat firqəsinin lideri Məhəmmədəmin Rəsulzadə Türkiyəyə yardım adı ilə gələn ordunun ölkəni işğal edəcəyini bildirib, ona görə də təslim olmayacaqlarını söyləyib. Amma bununla yanaşı vətəndaş müharibəsinin olmaması və Kommunist firqәsinin müstәqilliyi müdafiә edәcәklәrini söz verməsinə görə hakimiyyətin təhvilinə tərəfdar olduqlarını bildirib: “... Bu şәrtlә ki, kommunistlәr istiqlaliyyәt, millәt vә mәmlәkәtimizi layiqincә müdafiә etsinlәr. Yox, әgәr bunlara әmәl olunmazsa ixtiyarımızı geri almaq haqqımızı özümüzdә saxlayacağıq”.

Bununla da Azərbaycan Parlamenti artıq sərhədi aşmış qoşunların və onların mərkəzdəki dəstəkçilərinin təhdidindən sonra kommunistlərin əlinə keçib. Ağa Aşurov sonuncu iclasda bu çıxışı edib: “... Parlamentin qalmasını heç onlar da istәmirlәr. Qәbul etsәlәr belә, yenә bir nәticә vermәyәcәkdir”.

Sonuncu iclasla bağlı sənədlərdə parlamentin bir üzvünün alınan qərara qarşı çıxdığı yazılıb. Amma onun kim olduğu qeyd edilməyib. Həmin şəxs – Azərbaycan Parlamentinin kommunistlərə təhvil verilməsinə qarşı çıxan məhz Ağa Aşurov olub. Bununla bağlı onun həmkarı Məhəmmədsadıq Aran illər sonra mühacirətdə “Mücahit” jurnalına (aprel, 1959) işğal günü ilə bağlı göndərdiyi mətnə qeyd edib:

“... Mən gizli surətdə Bakıya qayıtdım. Parlamentdə cərəyan edən müzakirə və hadisələri orada iştirak edən yoldaşlardan təfsilatı ilə öyrəndim. 27 aprel gecəsinə qədər hökumət iş başında, məclis də fəaliyyətdə imiş. Son gecə azərbaycanlı kommunistlər hökumətin və məclisin təslim olmasını bir ultimatumla tələb edirlər... Müsavat firqəsi 7 maddəlik bir qərarı təqdim edir... Səsverməyə qoyulur. Üç qrup təslimin lehində olur, müsavatçılar bitərəf qalır. Təkcə bir nəfər əlini qaldıraraq “xeyr” deyir. O da keçmiş ticarət naziri Aşuroğlu Ağa bəydir”.

Cümhuriyyət nazirlərindən Əbdüləli bəy Əmircan da xatirələrində bu faktı təsdiqləyib: “... Azərbaycan hökumətinin sovet hökumətinə təhvil verilməsi üçün ultimatum təkrar oxundu. Və bütün məclis bir nəfər istisna olmaqla ultimatumu qəbul etdilər. Təklifin əleyhinə səs verən mühəndis Ağa Aşurlu idi. Ağa Aşurlu heç unudulmayacaq bir səslə: “Mən bu qərarın əleyhinəyəm və qərarınıza da etiraz edirəm. Vətəni düşmənlərə təslim etməkdənsə ölmək daha yaxşıdır” dedi”.

Beləliklə, 27 aprel gecəsinin ən mühüm şəxsiyyəti Ağa Aşurov idi.

Ağa bəy 1936-cı ildə Rostovda vəfat edib.

P.S. Ağa Aşurovun həyatı ilə bağlı faktlar professor Ədalət Tahirzadənin “Aşurovlar” kitabından götürülüb.


Müəllif: Dilqəm Əhməd