Azərbaycana qarşı hər gün təxribat törədən terrorçu-xunta rejiminin sonu yaxınlaşıb. Separatçılar özlərinin sonunun gəldiklərini bilə-bilə yenə də təxribata əl atırlar. Amma unudurlar ki, bura Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisidir və özlərinə qondarma rejim yaratmaq istəyənləri necə son gözləyir. Ona görə də, onların hansısa birinin Azərbaycan hökuməti ilə dialoq aparması belə qeyri-mümkündür. Çünki orada olanların mütləq əksəriyyəti az, ya da çox Azərbaycan xalqına qarşı cinayət törədib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını və başımıza gətirilən müsibətləri unutmayıb:
“Ona görə də, heç bir halda bu terrorçu-separatçılarla danışıqlar aparıla bilməz. Azərbaycan humanist dövlətdir. Ölkəmizdə başqa xalqların təmsilçiləri mehriban şəraitdə yaşayır. Vaxtilə erməni əsilli şəxslər də ölkəmizdə bu müstəvidə yaşayıb. Sadəcə olaraq Ermənistanın Azərbaycana qarşı məkirli siyasəti, burada yaşayan ermənilər üçün ayrıca bir dövlət yaratmaq iddiası faciələrə səbəb oldu”.
Deputat bildirib ki, II Qarabağ müharibəsində Azərbaycan döyüş meydanında Ermənistana sarsıdıcı zərbə vurdu, onu məğlub etdi:
“Qarşı tərəf məcbur olub kapitulyasiya aktına imza atdı. Amma buna baxmayaraq Azərbaycan gələcəyə hesablanmış addımları müqabilində Ermənistana sülh müqaviləsi təklif etdi. Sadəcə olaraq erməni tərəfi növbəti dəfə özünün işğalçı, təcavüzkar mahiyyətindən çıxış edərək sülh prosesini pozur”.
Elman Məmmədov Qarabağda yaşayan erməni əsilli insanların da Azərbaycan qanunlarına uyğunlaşaraq yaşamasının mümkün olduğunu söyləyib:
“Bunun əksinə olan heç bir hal qəbul edilmir. Azərbaycan qalib dövlətdir. İndi şərtləri Azərbaycan diqtə edir. Ona görə də, bizə qarşı kimsə burada şərt və yaxud təzyiq dilində danışa bilməz. Ərazi Azərbaycana məxsusdur. Həmin ərazilər beynəlxalq birlik və ən ali qurumlar tərəfindən tanınır. Bu baxımdan Qarabağın erməni sakinlərinin təmsilçiləri Azərbaycan hökumətinin nümayəndələri ilə dialoqda maraqlı olmalıdır. Başqa bir hal mümkün deyil. Həmin ermənilərlə görüş ancaq Azərbaycan ərazisində keçirilə bilər. Nəhayət, onlar anlamalıdırlar ki, Azərbaycan öz ərazisi daxilində istənilən formada addım atmaq hüququna malikdir”.