Müsahibimiz YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynovadır:
- Sevinc xanım, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan bir dövr - Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi tarixi dönəm Azərbaycanın zəngin inkişaf yolu keçməsi ilə əlamətdardır. Qazanılan nailiyyətlər hansı reallıqları əks etdirir?
- 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə xalq öz səsini Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına, Azərbaycanın gələcəyinə verdi. 2003-2023-cü illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir dövlətçilik tarixinə artıq yüksəliş dövrü kimi daxil olub. Son 20 ildə Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu siyasətin ardıcıllığını təmin etməklə onu zamanın çağırışlarına uyğun yeni ideyalarla daha da zənginləşdirərək Azərbaycanın daha da güclənməsinə, regional və qlobal miqyasda söz sahibi olan dövlətə çevrilməsinə nail olub. Müasir həyatımızın bütün sahələrinə nəzər saldıqda Prezident İlham Əliyevin xalqın etimadını layiqincə doğrultduğunun bir daha şahidi oluruq.
Bu, bir reallıqdır ki, Prezident İlham Əliyev hər zaman xalqına güvənib. Təbii ki, cənab İlham Əliyev özünün dediyi kimi, “nəyi, necə və nə zaman etməyi hamıdan yaxşı bilir”. Çünki cənab Prezident dövlət siyasətinin prioritetlərini milli maraqlar əsasında müəyyənləşdirərək həyata keçirir. Məhz dövlət siyasətində ölkənin, xalqın maraqlarının əsas götürülməsi – üstün tutulması xalq-iqtidar birliyinin əyani təzahürdür.
Azərbaycan Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəqqi və Zəfər yolunda inamla irəliləyərək parlaq nailiyyətlər qazanır, yeni zirvələr fəth edir. Xüsusilə də 30 ilə yaxın müddət ərzində işğal altında qalmış torpaqlarımızın hərbi-siyasi əsarətdən xilas edilməsi, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşunun bərpası nəticəsində yeni reallıqlar yaranıb, qalib və qüdrətli Azərbaycanın qarşısında yeni perspektivlər açılıb. Prezident İlham Əliyevin müdrikliyi və qüdrəti, qətiyyəti sayəsində mümkünsüz görünən məsələlər reallığa çevrilib. Bu, Azərbaycan dövlətinin və xalqının ən böyük nailiyyətidir.
Ölkə başçısı Azərbaycanın siyasi sistemində rasional davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən fəaliyyət nümunəsi formalaşdırıb. Ölkəmizdə başlanan islahatlar yeni mərhələyə keçib. Hazırda bu mütərəqqi proses qalib Lider İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Ölkəmizin beynəlxalq nüfuzunun artması, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunması qürurvericidir. Azərbaycan bu gün dünyada tolerantlıq məkanı kimi tanınır. Ölkəmiz mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kim şöhrət qazanıb.
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edərək hökumətin iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görmək strategiyasını nümayiş etdirir. Bu cür mühüm tədbirin Azərbaycanda keçirilməsi barəsində verilən qərar ölkəmizə və onun Liderinə beynəlxalq səviyyədə inamın və etimadın göstəricisi hesab edilir.
Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə vaxtilə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri artıq reallaşıb.
- Azərbaycanın tarixi Qələbəsi bütün regiona sülh və davamlı inkişaf vəd edir. Bu kontekstdə qarşıda duran hədəflər barədə nə deyə bilərsiniz?
- Qalib Lider İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində bölgənin beynəlxalq statusu dəyişib və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılıb. Artıq Azərbaycan üçün yeni bir dönəm başlayıb, Qarabağda və Şərqi Zəngəzurda geniş quruculuq-bərpa işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın prioritet vəzifələrindən biridir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir. Proqramın əsas hədəfi ilk beşillikdə 30 mindən çox ailəni azad edilmiş ərazilərə köçürməkdir. Bu istiqamətdə sistemli tədbirlər həyata keçirilməkdədir. Keçmiş qaçqın və məcburi köçkünlərin qısa zamanda öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıtması və orada əbədi sülh, təhlükəsiz və rifah şəraitində yaşaması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır.
Ölkəmizin qarşısında mühüm hədəflər var. Bu hədəflər dövlətçiliyin güclənməsi fonunda inteqrasiyanı ehtiva edir. Bu gün Azərbaycan regional və qlobal miqyasda söz sahibinə çevrilib. Prezident İlham Əliyevin liderliyi, qətiyyəti sayəsində Azərbaycan artıq regional və beynəlxalq səviyyədə təşəbbüskar ölkəyə çevrilib. Cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, Qoşulmama Hərəkatının sədri seçilməklə dünya miqyasında özünün təşəbbüskarlığını və idarəetmə prinsiplərini ortaya qoymuş ölkə kimi böyük şöhrət qazanıb. Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan Azərbaycan bu gün qalib ölkə kimi bir çox platformalarda mühüm təşəbbüslərin müəllifidir. Bu təşəbbüslər sülhə, sabitliyə, əməkdaşlığa xidmət etməklə yeni dövrün çağırışlarını şərtləndirir.
Hazırda Azərbaycan regional canlanmaya başlıca təsir edəcək Zəngəzur dəhlizinin açılmasını təşviq edir. Zəngəzur dəhlizinin reallaşması regionda iqtisadi inkişafa yol açmaqla bütövlükdə Türk dünyası və beynəlxalq tərəfdaşlarla daha intensiv bağların qurulmasına zəmin yaradacaq. Bu gün ölkəmizin qarşısında duran başlıca hədəf güclü dövlət konsepsiyası ilə regional və qlobal miqyasda sülhü, əməkdaşlığı təşviq etməkdən ibarətdir.
- Sevinc xanım, fevralın 7-də qalib ölkənin Zəfər seçkiləri keçiriləcək. Budəfəki prezident seçkiləri Azərbaycanın suverenliyinin təzahürü olacaq...
- Fevralın 7-də ölkəmizdə prezident seçkilərinin keçirilməsi müasir Azərbaycan tarixində xüsusi əlamətdar hadisə hesab edilir. Bu, ölkəmizin ictimai-siyasi tarixində yeni bir mərhələnin başlanğıcı olacaq. Prezident seçkilərinin Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı, suverenliyimizin bərpası fonunda keçirilməsi böyük tarixi önəm kəsb edir. Seçkilər Azərbaycanın qarşıya qoymuş olduğu hədəflərin reallaşmasına başlıca zəmin hesab olunur. Şanlı üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər işğaldan azad edilmiş rayonlarımızda qürurla dalğalandıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin seçkilərlə bağlı xalqın dəstəyinə inamın başlıca təzahürüdür.
Yeni dövrün çağırışları xalqın seçimini müəyyən edir. Şübhə yoxdur ki, xalqımızın hər zaman olduğu kimi, bu dəfə də müstəqil Azərbaycanın firavanlığı naminə yeganə seçimi qalib Lideri İlham Əliyev olacaq. Əminliklə söyləmək olar ki, cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımız daha da inkişaf edəcək.