30 Aprel 2017 14:35
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, universitetin professor-müəllim heyəti, tələbələr, terror qurbanlarının yaxınlarının iştirak etdiyi anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlayıb.

Terror qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edən tədbir iştirakçıları barelyefin önünə gül dəstələri düzüblər.

ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən rəsm sərgisində tələbələrin faciə haqqında çəkdiyi rəsmlər nümayiş olunub. Sonra universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə ADNSU tələbələrinin 30 aprel haqqında hazırladığı qısa film təqdim olunub.

30 aprel hadisələrinin hər kəsin qəlbində dərin iz buraxdığını deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı hadisə qurbanlarının xatirəsinin daim əziz tutulacağını bildirib.

Terrordan heç bir dövlətin sığortalanmadığını söyləyən rektor M.Babanlı belə bir hadisənin bir daha baş verməyəcəyinə inandığını qeyd edib: "Həmin gün həlak olan insanlar həmişə Azərbaycanı güclü görməyi arzulayıblar. Biz də universitet olaraq əlimizdən gələni edib ölkəmizin inkişafına töhfəmizi verərək onların ruhu qarşısında öz borcumuzu yerinə yetirməliyik”.

Sonra tədbir iştirakçıları faciə qurbanları haqqında xatirələrini bölüşüblər.


Müəllif:

Oxşar xəbərlər