AXC hakimiyyəti dönəmində Milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, hazırda Azad Demokratlar Partiyasına (AzDP) sədrlik edən Sülhəddin Əkbərin kitabı çapdan çıxıb.
Teleqraf.com xəbər verir ki, “Dövlət siyasətinin əsasları” adlanan 607 səhifəlik kitab “Qanun” nəşriyyatında çap olunub. Kitabda müəllif təkcə milli maraqların və milli təhlükəsizliyin qorunması ilə bağlı zəruri olan yeni anlayışlar sistemi yaratmaq və onun ətraflı izahını verməklə kifayətlənməyib, həm də müstəqil Azərbaycanın strateji gücünü, milli maraqlarını və milli təhlükəsizliyini, tarixi inkişaf perspektivlərini dərindən analiz edib, qiymətləndirilib.
Xatırladaq ki, kitab “Dövlət siyasətinin əsasları: milli maraqlar və milli təhlükəsizlik”, “Milli təhlükəsizlik və milli maraqlar”, “Azərbaycan Respublikasının milli maraqları”, “Azərbaycan Respublikasına yönəlik təhlükələr”, “Azərbaycan Respublikasının milli təhlükəsizlik durumunun qiymətləndirilməsi”, “Azərbaycan Respublikasının milli siyasəti” və “Azərbaycan Respublikasının tarixi inkişaf strategiyası və perspektivləri” sərlövhəli 7 xüsusi bölmədən ibarətdir və hər bir bölmədə də mövzunu tam şəkildə oxucuya açan, geniş informasiya və istiqamətlər verən fikirlər yer alıb.
“Dövlət siyasətinin əsasları” siyasi, idarəçilik, diplomatik, hərbi və təhlükəsizlik akademiyalarının tələbələri üçün nəzərdə tutulsa da, ondan siyasətçilər, yüksək vəzifəli dövlət məmurları, diplomatlar, hərbçilər, kəşfiyyatçılar və təhlükəsizlik işçiləri, eyni zamanda milli siyasət sahəsində çalışan alimlər, mütəxəssislər, araşdırmaçılar və ekspertlər də istifadə edə bilərlər.