Ermənistanla İran arasında sərhədlərin bağlanmasını nəzərdə tutan “Bolton planı” yenidən gündəmə gətirilir. Bir müddət öncə bu danışıqlar mövzusu olsa da, sonradan istiqamətlər dəyişib. Hətta 2019-cu ildə ABŞ prezidentinin sabiq milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton, Azərbaycan və Ermənistanın sabiq xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan bu məsələni Vaşinqtonda üçtərəfli formatda müzakirə ediblər.
Bunu Teleqraf.com-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov Boltonun təklif etdiyi planın mahiyyətindən danışarkən təsdiqləyib.
“Bu amerikalıların praqmatik planı idi. Söhbət heç də İrandan getmirdi. Sözsüz ki, ən yaxşı keçid elə Zəngəzur dəhlizi layihəsi olub. Çünki ABŞ üçün ən önəmli məsələ Orta Asiyaya çıxış yoludur. O vaxt heç kim bilmirdi ki, Rusiya Ukraynaya hücum edəcək. Ona görə də Orta Asiyaya alternativ yol açmaq lazım idi”, - deyə o qeyd edib.
Sabiq nazir hesab edir ki, Qazaxıstana, Türkmənistana, Özbəkistana, Qırğızıstana yol açmaq Ağ evin əsas planlarından biri olub: “Çünki bu ölkələrdə resurslar çoxdur. Bolton da təklif edirdi ki, Rusiya ilə yanaşı, alternativ yol kimi Türkiyə və Ermənistandan keçən bir dəhlizlə Orta Asiyaya çıxış olsun. Bunun iqtisadi faydaları əsas götürülürdü. Amerika yolun İrandan keçməsini istəmirdi. Bu halda həmin yol elə Zəngəzurdan keçirdi”.
Elmar Məmmədyarova görə, indiki reallıqda Zəngəzur dəhlizinin açılmasına da heç bir şübhə qalmayıb: “İranın artıq dəhlizin açılmasına mane olmağa gücü çatmayacaq. Tehran məsələnin mahiyyətini bildiyi üçün öz ərazisindən alternativ yol təklif etmişdi. Daha sonra bunu Ermənistanın ərazi bütövlüyü kimi qoymaqla prosesi başqa səmtə apardılar. Amma ermənilərin ağlı olsa, bu dəhlizin açılmasına daha tez razı olarlar. Çünki bu təmiz qazanc deməkdir. Bu dəhlizdən az qala bütün dünya istifadə edəcək”.