21 Dekabr 2017 16:10
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:55

Bakı Dəmir Yolu Vağzalına bomba yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

Bu barədə Teleqraf.com-un əməkdaşına ərazidəki polislərdən biri məlumat verib.

Bildirilib ki, Bakı Dəmir Yolu Vağzalı və ərazidə yerləşən ticarət mərkəzlərindəki insanlar təxliyyə olunublar.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova baş verən hadisəni təsdiq edib: “Hazırda hadisə yerinə gedirik. Kimsə vağzala bomba qoyulması ilə bağlı xəbər yayıb. Məsələ araşdırılır".

***

13:27

Əməkdaşımızın verdiyi xəbərə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib, ciddi axtarışlara başlanıb.

Vağzalın ikinci mərtəbəsində yerləşən restorana partlayıcı qoyulması ilə bağlı anonim zəngin nə dərəcədə doğru olub-olmamasını dəqiqləşdirmək üçün vağzalda şübhəli əşyanın axtarışlarına xüsusi təlim görmüş itlər cəlb edilib.

***

15:16

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova məlum hadisə ilə bağlı Teleqraf.com-a son durum haqda bilgi verib:

"Axtarışlar hələ də davam edir. Qısa zamanda ətraflı məlumat verəcəyik".

***

15:41

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Dəmiryolu Vağzalında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat yayıb.

FHN-dən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmiryolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirləri görüblər. Hazırda axtarış işləri davam etdirilir.

***

Bakı Dəmiryolu Vağzalında aparılan axtarışlar başa çatıb.

Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, Bakı Dəmiryolu Vağzalı fəaliyyətini adi rejimdə bərpa edib: "Bomba yerləşdirilməsi xəbəri yanlışdır. Heç bir şübhəli əşya aşkar edilməyib".


Müəllif: Nərgiz Cavadzadə, İlhamə Əbülfət

Oxşar xəbərlər