“Baku Marriott Hotel Boulevard”da “Sıfıra doğru” şüarı altında “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbir keçirilir.
Teleqraf.com xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi ilə birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirin keçirilməsində əsas məqsəd sənaye və əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, eləcə də iş yerlərində təhlükəsizlik məsələləri ilə bağlı dünyada tətbiq olunan yeniliklərin, bu sahədə müasir innovasiyaların və qabaqcıl təcrübələrin müzakirəsidir.
Zirvədə 15-dək spiker və moderatorun çıxışı, 350-dən çox dövlət və özəl müəssisənin məsul şəxsləri, o cümlədən dövlət qurumlarının rəsmiləri, icraçı direktorlar, şirkət nümayəndələri və iş adamlarının iştirakı nəzərdə tutulub.