11 Oktyabr 2018 16:37
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida Təhlükəsizliyi Agentliyi aqrokimyəvi maddələr və pestisidlərin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib.

Agentlikdən Teleqraf.com-a verilən məlumatda deyilir ki, Azərbaycan Respublikasının ərazisində bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, o cümlədən ətraf mühitin və əhalinin sağlamlığının mühafizə edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan aqrokimyəvi maddələrin və pestisidlərin müvafiq keyfiyyət standartlarına uyğunluğuna və bitki mühafizə vasitələrini müşaiyət edən sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqdim edilməsinə nəzarət edir.

Qanunvericiliyin tələblərinə əsasən dövlət qeydiyyatına alınmamış pestisidlərin və aqrokimyəvi maddələrin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə verilmir.

Qida Təhlükəsizliyi Agentliyi yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verir.

Qeyd edək ki, agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlara, pestisid və aqrokimyəvi maddələri müşaiyət edən sənədləri qanunvericiliyə uyğun qaydada təqdim edilmədikdə bu maddələrin ölkəyə idxalına icazə verilməsini qadağan edir.


Müəllif: Aytən