12 Noyabr 2018 16:43
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar “Azəristiliktəchizat” ASC təsdiq edilmiş plana uyğun olaraq istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət-ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası davam etdirib.

Bunu Teleqraf.com-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanmasına qərar verilib.

Mövsüm ərzində ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur:

“Bununla əlaqədar istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət-ölçü cihazları və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.

Tədbirlər planına əsasən 550 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 564 odluq təmir olunub, 700 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, qazanların 27425 m ekran boruları və konvektiv hissələri dəyişdirilib, 1100 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, qazanlarda 1210 kvadrat metr izolyasiya örtüyü təmir olunub.

İstilik şəbəkəlirində 20710 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 9750 ədədi əsası və cari təmir edilib, 705 ədədi isə yenisi ilə əvəzlənib.

İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2018-2019-cu illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb. 974 km istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıb, 30.5 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 675 km istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb”.

Rafiq Əliyev deyib ki, hazırda payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər davam etdirilir: “Eyni zamanda bildiririk ki, payız qış mövsümünün yaxınlaşması ilə əlaqədar istehlakçılar tərəfindən də yaşayış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabiliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalıdır”.


Müəllif: Aytən