21 May 2019 14:31
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ilk regional qurumu olan – Sumqayıt Regional Vəkil Bürosunun inzibati binasının açılışı olub.

Teleqraf.com xəbər verir ki, regional büronun açılışı Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq həyata keçirilməkdədir.

Qeyd edək ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi, 71 ünvanındakı doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən həmin inzibati bina Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası məqsədilə 19 sentyabr 2018-ci il tarixdə Vəkillər Kollegiyasının əvəzsiz istifadəsinə verilib.

Vətəndaş məmnunluğunun, vətəndaşların və təşkilati-hüquqi formasından asılı olmayaraq regionda yerləşən bütün idarə və təşkilatların hüquqi yardıma sürətli çatımlılığın təmin edilməsi, habelə Sumqayıt Regional Vəkil Bürosunda normal iş şəratinin təşkil edilməsi məqsədilə inzibati binanın təmiri zəruri olduğundan ötən müddət ərzində həmin binanın təmiri həyata keçirilib.

İnzibati binanın təmiri ilə yanaşı, Sumqayıt Regional Vəkil Bürosunun maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə həmin vəkil qurumu mebel, kompüter və digər zəruri avadanlıqlarla təmin edilib ki, bu işlərin görülməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin Ehtiyat Fondundan bu məqsədlər üçün Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına təmin edilib.

Hazırda sahəsi 171,6 kv.m olan həmin inzibati binada konfrans zalı, konfidensial otaq, qəbul masası, vəkillərin fəaliyyəti üçün geniş sahəyə malik iş otağı olmaqla, növbətçi vəkil masası, qonaq vəkil masası, mətbəx, sanitar qovşaqlar və digər şəraitlə təmin edilmiş, habelə gələcəkdə Vəkillər Kollegiyasının Tədris və Hüquqi Yardım Mərkəzi ilə əlaqəli şəkildə region vəkilləri üçün distant təlimlərin keçirilməsi məqsədilə telekonfrans sisteminin qurulması da nəzərdə tutulub.

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan Repsublikanın 14 rayon və şəhərləri üzrə bütün vətəndaşlar, habelə təşkilati hüquqi formasından asılı olmayaraq regionda yerləşən bütün idarə və təşkilatlar Sumqayıt Regional Vəkil Bürosunun hüquqi yardım üzrə xidmətlərindən yararlanmaq imkanına malikdirlər.

Qeyd olunmalıdır ki, bu gün Sumqayıt Regional Vəkil Bürosunun tənətənəli açılış mərasimi ilə bağlı Vəkillər Kollegiyasının rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyub, dahi liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Sonra region vəkillərinin, Milli Məclis deputatlarının, yerli icra hakimiyyəti, habelə məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının nümayəndələri və KİV nümayəndələrinin iştirakı ilə Sumqayıt Regional Vəkil Bürosunun inzibati binasının təntənəli açılışı keçirilib.

Təntənəli açılış mərasiminin davamı daha sonra Sumqayıt Plaza Hotel mehmanxanasında davam etdirilib.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası sədri Anar Bağırov bildirib ki, regional vəkil qurumunun fəaliyyətə başlamasını istər vəkillik təsisatının, istərsə də Sumqayıt şəhərinin tarixində ilk olub.

Kollegiya sədrinin sözlərinə görə, bu tarixi günün məhz “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində baş tutub.

Açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi, Əməkdar hüquqşünas, Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri İkram Kərimov, Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı və Sumqayıt şəhərində fəaliyyət göstərən vəkil Leyla Bədəlova çıxış ediliblər.


Müəllif: Hacı Zeynalov