9 May 2020 13:45
6 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “İçərişəhər” Muzey Mərkəzinin elmi katibi, tarixçi, əməkdar mədəniyyət işçisi Səadət Ələkbərovanın "Bakı Xan Sarayının interyerinə dair yeni fakt haqqında" adlı yazısını təqdim edir:

Azərbaycanın minilliklərlə ölçülən qədim tarixi, arxeoloji qazıntılar nəticəsində aşkar edilən maddi-mədəniyyət nümunələrinə görə öyrənilir. Tariximizin elə dövrləri olub ki, onlar haqqında daha ətraflı məlumat əldə etmək üçün arxeoloji dəlillərlə yanaşı, həm də yazılı mənbələrə, epiqrafik və etnoqrafik material və nümunələrə ehtiyac yaranır. Lakin elə dövrlər də var ki, istər Şirvanşahlar dövrü olsun, istərsə Xanlıqlar dövrü, onlardan bizə qalmış miras və maddi irs nümunələri qərəzli və məqsədli olaraq ya qismən, ya da tamamilə dağıdılıb, həcm və çəki fərqi qoyulmadan, qiymətli hesab edildiyinə görə qarət edilib, başqa ölkələrə aparılıb.

Çox təəssüflə qeyd edə bilərik ki, min il ərzində mövcud olmuş Şirvanşahlar dövlətinə hakimlik etmiş şirvanşahlara aid irsdən bu günümüzə qalan yalnız milli dövlətçilik tariximizin simvolu olan Şirvanşahlar Sarayı, bəzi inzibati tikililər, numizmatik və arxeoloji materiallardır. X-XVI əsrlərə aid yazılı ərəb, fars və türk mənbələrində onların müxtəlif şəhərlərdəki zəngin saraylarından, kitabxanalarından, xəzinələrindən və sair bəhs edilsə də, maddi olaraq heç bir əşya və ya xəzinə qalmayıb.

Uzun illər aparılan elmi-tədqiqatlar nəticəsində dünyanın dörd bir tərəfindəki muzey, kitabxana, arxiv və şəxsi kolleksiyalarında Azərbaycana, Şirvanşahlara məxsus olmuş saysız-hesabsız maddi-mədəniyyət nümunələrinin olduğu qənaətinə gəlmək olar.

Artıq bir neçə ildir ki, Bakı xanları və onların İçərişəhərdəki iqamətgahları ilə əlaqədar həyata keçirilən layihə ilə bağlı XVII-XIX əsrlərdə çap edilmiş elmi ədəbiyyata, arxiv sənədlərinin aşkar edilməsinə və araşdırılmasına diqqət artmışdır.

Bakı, hələ Səfəvilərin dövründə çoğrafi, iqtisadi və siyasi baxımlardan əlahiddə inzibati vahid idi. Görkəmli tarixçimiz S.Aşurbəyli türk səyyahı Ö.Çələbiyə əsaslanaraq Bakının "şahsevənlər"dən və "dizçökənlər"dən təşkil olunmuş 3000 döyüşçüdən ibarət qoşunu, Bakı qalasındasilah cəbbəxanası, topları, xanın özünün "təbili, nağarası və bayrağı" olan ayrıca xanlıq olduğunu qeyd edir. Deməli, hələ XVI əsrdə Bakı “xan” titulu daşıyan hakimlərin idarə etdiyi xanlığın mərkəzi olmuşdur.

Məlumdur ki, XVIII əsrdə regionda baş vermiş siyasi hadisələr nəticəsində Azərbaycan tarixində yeni bir dönəm – xanlıqlar dövrü başlayır. 1747-ci ildə Nadir şahın ölümündən sonra İran qoşunları Bakıdan çıxarılır. Bundan sonra hakim dairələr və bakılılar arasında hörmət qazanmış, Dərgah Qulu xanın oğlu Mirzə Məhəmməd Xan özünü müstəqil Bakı hakimi elan edir. Bakı xanlığı bütün Abşerona daxil olan 39 kəndi özündə birləşdirirdi. Bakı şəhəri hələ orta əsrlərdən Volqa-Xəzər ticarət yolunda bölgədəki ən sakit liman şəhəri idi. XVIII əsrin ortalarında da Bakı bu əhəmiyyətini itirməmişdi və bu səbəbdən də Şərq ticarətinin mərkəzi İrandan Azərbaycana, xüsusilə Qərblə Şərq arasında bir növ körpü olan Bakıya keçmişdi.

XVIII əsrdə Bakı şəhəri hələ XII əsrdə bərpa edilərək möhkəmləndirilmiş olan ikisıralı qala divarları ilə əhatə olunmuşdu. Bakı xanı inzibati, maliyyə, hərbi və məhkəmə hakimiyyətini əlində cəmləşdirib, xanlığı öz mülkü kimi idarə edirdi. Xanlığın Divanı vardı ki, bütün vergi, müharibə və sülh, eləcə də digər mühüm dövlət məsələləri həll edirdi.

Bakı xanlığına ardıcıl olaraq I Mirzə Məhəmməd xan (1747-1768), Məlik Məhəmməd xan (1768-1784), II Mirzə Məhəmməd xan (1784-1791), Məhəmməd Qulu xan (1791-1792) və Hüseyn Qulu xan (1792-1806) hakimlik etmişdilər. Xanın 3000-dən artıq əsgəri, bayrağı və “Badkubə” damğalı öz pulu da (mis sikkə) var idi.

Xəzər dənizində hərbi və ticarət gəmilərinin sayının artırılması, gəmiçiliyin inkişaf etdirilməsi, şəhərə kəhriz su sisteminin çəkilməsi, qala divarlarının bərpa edilməsi, müdafiəsinin gücləndirilməsi Bakı xanlarının adı ilə bağlı idi. Bütün zamanlarda olduğu kimi, xanlıqlar dövründə də xanlar öz hakim olduqları ərazidə abadlıq işlərinin aparılmasına, ticarət əlaqələrinin genişlənməsinə, mədəni həyatın dövrə uyğun dəyişməsinə diqqət yetirirdilər. Bakı xan sarayı kompleksinin memarlıq planı, otaqların plan quruluşu, zəngin interyeri bundan xəbər verirdi.

Şirvanşahlar Sarayı 1723-cü ildə Matyuşkinin şəhərə top həmləsindən sonra demək olar ki, tamamilə dağılmışdı. Buna görə də xanlar iqamətgahlarını şəhərin hündür yerində, Şirvanşahlar Sarayı ərazisində deyil, dənizə yaxın və nəzərə çarpacaq yerdə inşa etdirmişdilər. Xan Sarayında yaşayış otaqlarının plandakı qarşılıqlı vəziyyəti Şirvanşahlar sarayının planını xatırladır. Saray binasının giriş portalı üzərindəki kitabəyə görə, iqamətgahh.1164 –cü ildə (1750-51) inşa edilmişdir.

Bir tərəfdən qala divarlarına söykənən Xan Sarayı Kompleksi 1809-cu ildə çəkilmiş sxem-plana görə bir neçə 1 və 2 mərtəbəli binalardan ibarət olmuş beş böyük həyəti özündə birləşdirirdi. Bu binalarda yüzdən artıq otaq vardı. Əsas saray binasının yerləşdiyi həyətin mərkəzində hovuz olan bağça var idi. Digər həyətlər Əbdürrəhim bəyin və Mehdi Qulu bəyin evi kimi tanınırdı.

Beşcildlik “Qafqaz müharibəsi” əsərinin I kitabındakı “Bulqakov” fəslinin müəllifi rus hərb tarixçisi general leytenant V.A.Potto (1836-1912) yazır ki, 1806-cı ilin oktyabrında Bakı tam alındıqdan sonra Qala divarı içərisindəki hasara yaxın bir neçə məhəllə söküldü. Rus qoşunlarının bir hissəsi və Bakı qarnizonu üçün əsgər kazarmaları tikilməyə başlandı. Ordu, həmçinin general Bulqakov Bakıda bir necə gün qaldı. Əsgərlər müvəqqəti karvansaraylarda yerləşdirildi.

Həmin müddətdə general Bulqakov sırf şərq dəbdəbəsi ilə fərqlənən xan sarayında yaşadı. Dərgahqulu xanın 1740-cı illərdə tikdirdiyi ikimərtəbəli və 7 otaqlı “Yataq evi” adlanan binanın divarlarındakı tarixi rəsmlər yağlı boyalarla çəkilmiş və qızıl suyu ilə işlənmişdi. Bulqakovun əmri ilə onların bəzisi xüsusi iskənələrlə divarlardan söküldu. Bu iş elə ustalıqla görüldü ki, rəsmlər zədələnmədi. Bakıda general-mayor Quryevin rəhbərliyi altında Sevastopol alayının yalnız bir batalyonu qarnizon kimi qaldı.

General-mayor Quryev Bakı xanlarının evinin yerindəki ikimərtəbəli “Yataq evi” adlanan binada yerləşdi. Qarnizon isə daha sonra Kiçik Oala küçəsi 1-13 saylı ünvanlar ərazisindəki tarixi məhəllənin yerində müvəqqəti tikilmiş kazarmalarda yerləşdirildi.

Bakı xanlarının evinin ərazisindəki kompleks bir neçə binadan ibarət olub. Bunlar “Məscid binası”, “Qonaq evi”, “Yataq evi”, “Tövlə” və “Gülüstan”, yəni hovuzdan ibarət idi. Bu ərazidə kəhriz sistemi, hamam və ovdan da var idi.

General Bulqakovun əmri ilə 1806-cı ilin oktyabrından 1807-ci ilin noyabr ayına kimi “Yataq evi” adlanan xeyli zərər görmüş binada rekonstruktiv işlər aparılmışdı. Bina, demək olar ki, rus memarlığı üslubuna bənzər elementlərlə bəzədilmişdi.

Orta əsr Bakı şəhərinin qala divarlarından kənarda da xan bağı (indiki Milli bankın yaxınlığında) və xan sarayı mövcud imiş. Bakı xanlarından II Mirzə Məhəmməd xan, Məhəmməd Qulu xan və Hüseyn Qulu xan məhz istirahət vaxtlarını bu xan bağında keçirirlərmiş. Bu xan bağının görüntülərini 1861-cı ildə hidpoqraf kapitan-leytinant Ulskiy tərəfindən tərtib edilən Bakı və ətrafının xəritəsində görmək olar.

Qalan iki həyətdə də xan ailəsinə mənsub olanlar yaşayırdılar. XVII-XVIII əsrlərdə Bakı qalası daxilində evlər adətən qapalı tikilər, qapı və pəncərələr, yalnız həyətə açılardı. XIX əsrdə Bakıda olmuş Rusiya, Avropa səyyah və tədqiqatçıları öz gündəliklərində qala-şəhərin memarlıq quruluşu, xan sarayı, əhalinin yaşayış tərzi və məişətinin təsvirini vermişlər. Məsələn, Kazan Universitetinin professoru İ.Berezin 1842-ci ildə Bakıda olmuş, kitabında şəhərdəki evlərin xarici görünüşünə görə bir-birinə oxşadığını, lakin daxili interyerinin sakinlərin maddi imkanına görə dəyişdiyini qeyd etmişdi. Yaşayış evlərinin dam örtüyü, döşəmə və pəncərələri Həştərxandan, İrandan gətirilmiş şam, küknar və palıd ağaclarından hazırlanardı. Varlı evlərində əsasən qızılı karnizlərlə işlənmiş təmtəraqlı tavan bəzədilər, döşəməyə isə xalılar döşənərdi.

Çox güman ki, burada Berezinçox bəyəndiyi, “obyektiv bir səyyah kimi, Şamaxı darvazasından başlayaraq, bütün şəhəri dolanan və dənizə doğru enən küçədəki” xan sarayına aid evlərdən bəhs edirdi. Berezinin Bakıya gəldiyi tarixə, yəni 1850-ci ilə qədər Xan Sarayına aid binalar öz əvvəlki quruluşunu, daxili interyerini qismən də olsa saxlamışdı.

Eyni dövrə aid daha bir neçə mənbə də bunu sübut edir: 1771-ci ilin avqust ayında Bakıda olmuş alman səyyahı S.Qmelin xan evi haqqında yazırdı: “Dənizin yaxınlığında yerləşən, indi təmir edilən, gözəl bağçalı xan evi bütün tikililərdən ayrı dayanır“. Buradan məlum olur ki, xan sarayı kompleksinə daxil olan bəzi tikililər 1770-ci ilədək əvvəlki kimi qalmaqda idi. Səyyah daha sonra “şimal-qərb hissədə, torpaq səddindən aşağıda, dəniz yaxınlığında indiki xanın bu yaxınlarda şərq və Avropa üslubunda daha gözəl saray tikdirdiyini və iki arvadı ilə orada yaşadığını” vurğulayırdı. Qmelinin Bakıya gəldiyi tarix Bakı xanı Məlik Məhəmməd xanın (1768-1784) hakimiyyəti dövrünə təsadüf edir. Deməli, qaladan kənardakı saray Məlik Məhəmməd xana məxsus olmuşdur.

1837-ci ildə nəşr edilmiş “Кавказцы или подвиги и жизнь замечательных лиц, действовавших на Кавказе” adlı kitabda Qafqazın işğalı zamanı baş vermiş döyüşlərdə fərqlənmiş rus əsgər və zabitlərinin həyatı və göstərdiyi rəşadəti haqqında məlumat verilir. “General-leytenant Qlazenapın tərcümeyi-halı” fəslində 1806-cı ildə Bakının ruslar tərəfindən işğalı, xan sarayının qarət olunması belə təsvir edilir: “Bakı xanının Bulqakov üçün təmizlənmiş sarayında bizim zabitlərin diqqətini divarlardakı yağlı boya ilə ustalıqla çəkilmiş və qızıla tutulmuş, döyüş səhnələri əks edilmiş tarixi şəkillər çəkdi. Onları qalib olan üçün uzun iskənələrlə divarlardan qopardılar.

Təəccüblüdür ki, bəziləri, hətta heç pozulmamışdı da. Ümumiyyətlə, bu ev çox zəngin idi: qapı və çərçivələr qırmızı çinar ağacından idi, çoxlu qiymətli xalçalar, ipək parçalar, hətta şərq adətinin əksinə olaraq güzgülər də vardı. Görünür ki, xan çıxıb getməyə heç də tələsmirdi. Bütün bu var-dovləti bizimkilər elə təmizlədilər ki, heç nə qalmadı”.

Maraqlıdır, bəs, bütün Bakı körfəzindəki neft quyularına, duz göllərinə, bağlara nəzarət edən, bütün bunları Orta Asiya, İran, Türkiyə və Avropa bazarlarına çıxara bilən, zəngin Bakı xanlarının adı keçən mənbələrdə sözdə təsvir edilən sarayının daxili görüntüsü, interyeri həqiqətdə necə olmuşdur?

Uzun illər aparılan araşdırmalar nəticəsində, Xan Sarayının daxili interyerinə aid bir rəsm əsərini Almaniyada, Berlin Avropa Mədəniyyəti Muzeyində aşkar etdim. Bu rəsm əsərinin müəllifi olan alman rəssamı və etnoqrafı Avqust Vilhelm Kizevetter (1811-1865) iki il Krımda yaşayıb, müsəlmanlığı qəbul edərək Abdulla adını götürübmüş. Bu dövrdə Kizevetter, Krım Tatar xalqının gündəlik həyatını, həyat tərzini, adət-ənənələrini öyrənərək və yerli memarlıq abidələri haqqında, həmçinin Baxçasaray, Xansaray və yaşadığı kəndlər barədə maraqlı etnoqrafik məlumatlar toplayaraq qiymətli rəsm əsərləri yaratmışdır.

1848-ci ildə Kizevetter İrəvana gəlir. Daha sonra o, Şamaxıya və Bakı şəhərinə səyahətini davam etdirir, həmçinin Atəşgahda olur. 1848-49-cu illərdə Azərbaycana səyahət etsə də, bu yerlərə həsr etdiyi, yalnız 10 əsəri məlumdur. Bakıda olmuş rəssam şəhərin ümumi panoramasını, etnoqrafik mənzərəsini, Atəşgahı, habelə bazar, çayxana, cızbızxana və bir çox səhnələri əks etdirən əsərlər çəkmişdir. Vilhelm Kizevetterın yağlı boya ilə çəkdiyi bütün əsərləri etnoqrafik baxımdan çox zəngindir və qiymətli informasiyaya malikdir.

Onun yağlı boya ilə karton üzərində çəkilmiş unikal əsərlərindən biri isə “Bakı qalasının sonuncu hökmdarının sarayındagüzgülü qonaq otağı” adlanır. Bu nadir rəsm əsəri Xan Sarayının bu günədək naməlum olan daxili interyeri haqqında ilk məlumatı verən çox qiymətli tapıntıdır. Çünki bu günə kimi “güzgülü qonaq otağı” haqqında biz yalnız mənbələrdən, hərbi yazıçı və səyyahların yazılarından, həmçinin xalq etimalogiyasındakı rəvayətlərdən başqa bir şey bilmirdik.

Əsərdəki görüntülər yuxarıda adı çəkilən mənbələrdə sözlə təsvir edilən məlumatlarla üst-üstə düşür. Rəsmdə güzgülü zalın interyeri – çox güman ki, Bakı xanlarının nəslindən olan xan və xanzadələrin portretləri olan məşhur divar rəsmləri, qızılla işləmələr, yer döşənəcəkləri, xalçalar, eləcə də memarlıq detallarının aydın təsviri verilmişdir. Rəssam bu əsərdə otağın gözəlliyini və tavanının da bəzək ornamentlərini vurğulaya bilmişdir. Bu otaq, orta əsr Azərbaycan saraylarına xas olan böyük otaqların ən yuxarı hissəsini rəngli şüşəli şəbəkələrlə bəzəyən, “şahnişin” adlanan taglı artırma ilə tamamlanır.

Şahnişində hər iki kənar hissədə, yenə də xalılarla döşənmiş hündür kürsülər, mərkəzdə isə fəvvarə aydın görünməkdədir. Şahnişin, əslində sarayda küçənin və ya həyətin yan tərəfinə baxan otağın ikinci və ya daha yüksək mərtəbəsindəki şahlara və ya xanlara layiq çıxıntılı, balkon tipli bir yerdir. Şirvanşahlar sarayı kompleksindəki saray binasında “şahnişin” öz əzəmətli və möhtəşəm memarlıq üslubu və gözəlliyi ilə insanı valeh edir. Rəsm əsəri o qədər ustalıq və dəqiqlıklə, yüksək zövq və rəng çalarlarının zənginliyi ilə seçilir ki, səviyyəli foto çəkilişindən geri qalmır.

Rəssam otağın güzgülü olmasını da böyük məharətlə vermişdir. Bir divardakı rəsmlərin, divar bəzəklərinin qarşı divardakı güzgüdə əks etdirildiyini tamaşaçıya çatdıra bilmişdir.

Məlumdur ki, XVIII əsrdə Azərbaycan ərazisində yaranmış bütün xanlıqlarda hər bir xanın özünəməxsus saray tikilisi və saray interyeri olmuşdur. Onları birləşdirən həm ümumi, həm də fərqli cəhətlər vardır. İrəvan, Şəki, Gəncə xan saraylarının divar və tavanlarınayağlı boya iləqızıla tutulmuş təbiət təsvirləri, döyüş səhnələri və portretlər çəkilmiş,stalaktitlər, buxarı və taxçalargüzgülərlə işlənmişdir.

Xan saraylarının ən böyük zallarında o dövrə xas olan fəvvarələrin olması da mütləq idi. Şamaxı xan sarayı da Şəki xan sarayı kimi zəngin divar rəsmləri ilə bəzədilmişdi. Məsələn, rəssam Q.Qaqarinin XIX əsrin sonlarında Şamaxıdakı bir evdə çəkdiyi “Şamaxı rəqqasələri” rəsmində otağın neçə gözəl bəzədildiyinin şahidi oluruq. XIX əsrdə Şamaxıda baş vermiş güclü zəlzələlər vaxtı xan sarayı ciddi zərər görmüş, 1918-ci ildə isə ermənilərin törətdikləri soyqırım günlərində həm talan edilmiş, həm də dağıdılmışdı.

İrəvan qalasındakı Sərdar Sarayına aid yüzlərlə əşya, divar rəsmləri, güzgülü pannolar da XIX əsrdə qarət edilərək Tiflisə aparılmış və hazırda Gürcüstan Milli Muzeyində saxlanılmaqdadır. Heydər Əliyev Fondunun dəstəyi ilə bu qiymətli əsərlərin xeyli hissəsi 2019-cu ildə Bakıya gətirilmiş və Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adlı sərgidə nümayiş edilmişdir. Xalqımıza məxsus tarixi əsərlərin Bakıda sərgilənməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyırdı.

Xan sarayları ümumi quruluşuna, xarici fasad interyerlərinə görə fərqlənsələr də eyni struktura və memarlıq üslubuna malikdirlər. Maraqlıdır ki, digər sarayların xarici interyeri də daxili qədər zəngin olduğu halda, Bakı Xan Sarayının xarici fasad quruluşu çox sadədir. Lakin Bakı Xan Sarayı böyük bir kompleksə malikdir, yəni bir neçə bina, məscid, hamam, ovdan, təsərrüfat həyəti, mətbəx, su təchizatı sistemi, hovuzlu bağ-baxçalı həyət və c.

Bu gün olduğu kimi qorunub saxlanılmış xan sarayı Şəki Xan Sarayıdır. İrəvan Xan Sarayının divarlarını bəzəmiş yüzlərlə əşya, divar rəsmləri, tablo və pannolar hazırda Gürcüstan Milli Muzeyinin arxivində saxlanılır. Cox güman ki, Bakı, Şamaxı, Gəncə və digər xanlıqların sarayları da Şəki və İrəvan Xan Sarayları kimi zəngin interyerə malik olmuşdur və onlara aid əşyalar, gözəl sənət nümunələri dünya muzeylərində, şəxsi kolleksiyalardadır. Məhz tədqiqatçı alimlərin, eləcə də mütəxəssis və araşdırmaçıların üzərinə bu yolda böyük vəzifə düşür. Milli-mədəni, həmçinin maddi-mənəvi irsimizin tarix səhnəsindən yox olmuş unikal nümunələrinin axtarılıb tapılması, aşkara çıxarılıb tədqiq edilərək öyrənilməsi günümüzün vacib məsələlərindən biridir.

Göründüyü kimi, alman rəssamı A.V.Kizevetterin aşkar edilmiş tək bir rəsm əsəri Bakı Xan Sarayı İqamətgahının daxili interyerinə işıq salır, XVIII əsrin II yarısında Bakı şəhəri hakimlərinin yaşayışı, məişəti, zövqləri və s. haqqında məlumat verir.

Rəssamın Bakıda olarkən çəkdiyi digər rəsm əsərləri də həm etnoqrafik baxımdan, həm də şəhərin ümumu görüntüsünün, memarlığının öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əminəm ki, gələcəkdə aparılacaq axtarışlarımız daha çox nəticə verəcək, Şirvanşahların orta əsrlərdə qarət edilib aparılmış varidatının, həm də Bakı və Şamaxı xan sarayının itmiş maddi-mədəni irsinin gələcəkdə üzə çıxarılmasında öz töhfəsini verəcəkdir.

İstifadə edilmiş ədəbiyyat
1. М.Искендерова «Бакинское ханство». Баку 1999. с.150
2. Ə.V.Salamzadə. Azərbaycanın memarlıq abidələri. Bakı, 1958. s. 87
3. İ.N.Əliyev, K.F.İbrahimov, E.Axundov. 2016-cı ildə Bakı xanlarının saray kompleksi ərazisində aşkar olunan hamamda aparılmış arxeoloji qazıntılar haqqında. Azərbaycan Arxeologiyası və Etnoqrafiyası jurnalı № 1, İllik toplu. Bakı, 2017.
4. И.Березин. “Путешествие по Востоку”..I ч. Казань 1849., стр. 218-19
5. Самуил Гмелин. «Путешествие по Россиидля исследования трех царств природы». Ч. 111., 1777. стр. 81
6. Кавказцы или подвиги и жизнь замечательных лиц, действовавших на Кавказе”. «Жизнеописание генерал-лейтенанта Глазенапа» 1837. стр.25
7. Миклашевская, Н. М. Стенные росписи Азербайджана XVIII–XIX вв., Архитектура Азербайджана (очерки), 1952.стр. 467
8. Потто В.А. Кавказская война. «От древнейших времён до Ермолова» т.1., Кавказская линия, глава 3 Булгаков. 1899. с. 469-470 (http://www.vehi.net/istoriya/potto/kavkaz/index.html)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər