“Kütləvi İnformasiya Vasitələri haqqında" qanun 1999-cu ildə qəbul edilib. O vaxtdan qanuna ayrılıqda və müxtəlif hüquqi-normativ aktların qəbulundan irəli gələn çoxsağlı əlavə və dəyişikliklər edilib. Amma təməl müddəalar, prinsiplər və mahiyyət dəyişməyib. Bu illər ərzində dünyada nəinki mediaya baxış, bütövlükdə medianın özü köklü surətdə, təməlindən dəyişib, informasiya və kommunikasiya texnologiyaları modernləşib, yenilənib və bu proses surətlə davam etməkdədir.
Bunu Teleqraf.com-a açıqlamasında əməkdar jurnalist, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Onun szölərinə görə, indi Azərbaycan mediası təkcə imkanlarına və potensialına görə yox, həm də söykəndiyi hüquqi bazaya görə də işıq sürəti ilə uçan raketin arxasınca əllərini qeyri-ixtiyari yuxarı-aşağı hərəkət etdirməklə “uçduğunu” nümayiş etdirən piyadaya bənzəyir: "Yəni biz, indiki durumumuzla “yeni nəsil hibrid və elektrik avtomobilləri”nin arxasınca “qaçmaq” mərhələsini belə adlamamışıq. Bir az kəskin yanaşma oldu, amma reallıq belədir.
Son 21-22 il ərzində medianın problemləri ilə bağlı çoxsaylı verilişlər hazırlayan, araşdırma və köşə yazıları yazan, müsahibələr, açıqlamalar verən bir media nümayəndəsi kimi, kosmetik dəyişikliklərin medianın “sürətini” artırmaq üçün yetərli olmadığını yazmışam, demişəm və bütün yazdıqlarım, dediklərim bu gün də əlçatandır.
Təxminən 13 il öncə medianın müstəqil inkişafına mane olan səbəblər haqqında Beynəlxalq Mətbuat Mərkəzində keçirilən toplantıda söz açmışdım. Əgər yanılmıramsa, o zaman Natiq Məmmədlidən başqa fikirlərimə şərik çıxan olmamışdı.
Konfutsinin ideal cəmiyyət haqqında məhşur bir ehkamı var. Doğrudur, sonralar bolşeviklər bu ehkamı istedadından, bacarığından asılı olmadan “hər kəsə bərabər” qaydada tətbiq etməyə çalışdılar – “vahid qazandan hər kəsə eyni çömçə ilə...” Sonrası bəllidir, “çömçə” yemək çəkənin arzu və istəklərindən asılı olaraq, qazandan gah yarımçıq, gah da dolu çıxdı. Forma qaldı, məzmun dəyişdi. Və yaxud əksinə..."
Elçin Mirzəbəyli hesab edir ki, medianın problemləri çoxdur: "O qədər çoxdur ki, sadalamaqla bitməz. Problemin kökündə isə ilk növbədə nəinki bu günümüzlə, hətta 5-10 il öncə yaranmış reallıqlarla belə ayaqlaşa bilməyən hüquqi baza – “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun dayanır. Artıq əlavə və dəyişikliklərlə “yamaq vurmaq” da bir işə yaramır və qanun mahiyyət etibarilə müasir dövrün reallıqları nəzərə alınmaqla yenidən hazırlanmalı, Milli Məclisin müzakirəsinə təqdim olunmalıdır.
Qüvvədə olan qanunda kütləvi informasiya vasitələrinin təsnifatı, hətta sonradan əlavə və dəyişikliklər olunsa da belə, kifayət qədər arxaikdir və faktiki olaraq media kimi fəaliyyət göstərən resursların qanun qarşısında hüquqi bərabərliyini və məsuliyyətini təmin edə bilmir.
Qanunda “internet informasiya ehtiyatları”ndan söz açılsa da və onlar mövcud hüquqi-normativ akta uyğun olaraq KİV sayılsalar da, bu resursların fəaliyyətilə bağlı hüquqi tənzimləmə mexanizmləri, faktiki olaraq mövcud deyil. Eyni problem sosial mediada daha qabarıq, daha acınacaqlı şəkildə özünü büruzə verir. Hazırda “Facebook”, “YouTube”, “Twitter”, “İnstagram”, “Telegram” və bu kimi çoxsaylı sosial media resurslarında de-fakto jurnalistika ilə məşğul olan saysız-hesabsız bloqqer, vloqqer, vayner, yutubber və müxtəlif digər adlarla çağırılan “yeni media” təmsilçiləri var ki, onların fəaliyyəti Azərbaycanda faktiki olaraq qanunvericiliklə tənzimlənmir".
Ekspert bildirib ki, ölkədə ənənəvi medianın uzun müddətdir böhran vəziyyətində olduğunu, iqtisadiyyatın və reklam bazarının tam liberallaşmamasından, müasir informasiya-kommunikasiya texnologiyalarından lazımınca istifadə edilməməsindən və digər amillərdən qaynaqlanan problemlərlə qarşı-qarşıya qaldığını nəzərə alsaq, bu sahədə köklü islahatların aparılmasının labüdlüyünü müəyyənləşdirə bilərik: "Çap mediasının durumu artıq uzun illərdir ki, getdikcə daha da pisləşir. Poliqrafiyadan başlamış yayıma, satışadək hər şey göründüyündən daha bərbad vəziyyətdədir. Heç kim döşünə döyməsin, çünki bu sektorda fəaliyyət göstərənlər real vəziyyətin necə olduğunu kifayət qədər yaxşı bilirlər. İndiki halda “çap mediası”nın ayaqda saxlanılması siyasətilə hər hansı irəliləyişə nail olmaq mümkün deyil.
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı yardımlar isə ən yaxşı halda çap mediasının “ayaq üstə qalması” üçün tutarğac funksiyasını yerinə yetirir, vəssalam. Əksər hallarda “kağıza xərclənən” və nəticə etibarilə maklaturaya çevrilən qəzetlərin mövcudluğunu qoruyub saxlamağın yeganə yolu, ona “yeriməyi” öyrətməkdən və onun müasir informasiya-kommunikasiya məkanındakı yerini müəyyənləşdirməkdən ibarətdir.
Ölkə KİV-lərinin böyük əksəriyyətində redaktorluq, korrektorluq insitutları sıradan çıxıb. Peşəkarlıqla, ixtisaslaşma ilə bağlı probleblemlər özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Bu və ya digər resursun KİV olaraq fəaliyyət göstərməsi üçün minimum standartlar, hətta qanunvericilik səviyyəsində belə müəyyənləşməyib".
Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycan Ordusunun möhtəşəm zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsində Ermənistanın təxribat xarakterli məlumatlarını ölkəmizin informasiya məkanına daşıyan, aldığı, yaxud əldə etdiyi xəbərin mənbəyini araşdırmayan, təhlil etməyi bacarmayan qeyri-peşəkarların və onların “reytinq savaşı” tələsinə düşən oxucu və izləyicilərin necə ciddi və aradan qaldırılması böyük zəhmət tələb edən problemlərə yol açdıqlarının şahidi olduq:
"Mediada köklü islahatların aparılması zamanın və Azərbaycan xalqının maraqlarının tələbidir. Ola bilsin ki, bu proses kimlər üçünsə ağrılı olacaq. Amma peşəkarlar, öz işinə sayğı duyanlar, jurnalist adını şərəflə daşıyanlar, Azərbaycanın milli mətbuatının inkişafını ürəkdən arzulayanlar, mövcud xaotik duruma və cinayətkarların şərəfli peşəmizi gözdən salmaq “missiyası”na son qoyulmasını istəyənlər bu prosesdən uğurla çıxacaqlar. Nəticədə isə Azərbaycan qazanacaq".