16 Aprel 2021 15:55
2 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava isindikcə təbiət qoynunda gəzməyə istək artır. Paytaxtda ilin bütün fəsillərində özünün füsunkarlığını hiss etdirən məkan isə Mərkəzi Nəbatət bağıdır.

Teleqraf.com-un əməkdaşları pandemiya dövründə bağın fəaliyyəti ilə tanış olmaq üçün Mərkəzi Nəbatət bağında olublar.

Baharın əvəzolunmaz yaraşığı lalələr uzaqdan qızarır... Bağın baş aqronomu İlkin Şəfiyevin müşayiəti ilə xarıbülbül və digər nəsli kəsilməkdə olan bitkilərin laboratoriyasına keçirik. Burada bitkilər qorunub saxlanılır və çoxaldılması aparılır.

Çiçəklərdən əlavə, uçuşan arılar da diqqətimizi çəkir. Baş aqronomun sözlərinə görə, çiçəkli bitkilərdə tozlanmanı təmin edən arıların bağda olması vacibdir.

Səfərimiz zamanı xarıbülbül bağçasının bir hissəsində çiçəklər solsa da, digər tərəfdə qönçələr çiçəklənmə ərəfəsindəydi. Şuşanın incisi olan bu bitki Dəvəçi, Abşeron yarımadasının bəzi ərazilərində də yetişir.

İlkin Şəfiyev bildirir ki, xarıbülbül bitkisinin digər torpaqlarda yaşamasından ötrü kökündə göbələyin olması gərəkdir. Bu bitki simbioz həyat yaşayır. Torpağı olmadan köçürülərsə, təzə yerdə bitmir.

Bağda gəzinti zamanı ziyarətçilərin çoxalması gözümüzdən yayınmadı. Sərt karantin dövründə bağın qapıları ziyarətçilərin üzünə müvəqqəti bağlanmışdı. Yalnız yumşaldılma tədbirlərindən sonra bağ yenidən fəaliyyətini bərpa etdirib.

İlkin Şəfiyev deyir ki, pandemiya ilə əlaqədar təcrübəyə gələn tələbələrin də sayı azalıb: “Tələbələr pandemiyadan əvvəl bağa tez-tez gəlirdilər. Əsasən may ayında təcrübə aparılırdı. Bu il təcrübə üçün gələn yoxdur. Hətta deyim ki, əvvəllər insanlar fotoçəkiliş üçün də gəlirdilərsə, hazırda bu da zəifləyib”.

Qeyd edək ki, Mərkəzi Nəbatət bağında ağac və kol, nəsli kəsilməkdə olan nadir bitkilər yetişir. Burada bitki laboratoriyası da var.

Bağdakı bitkilər arasında yerli və xaricdə yetişdirilənlər də az deyil. Bağ paralel olaraq xarici ölkələrlə toxum mübadiləsi aparır.


Müəllif: Aysel Azad