"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən 4 il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründə və ikinci Qarabağ müharibəsində günahsız uşaqların ölümünə səbəb olub".
Teleqraf.com xəbər verir ki, bu fikirlər Azərbaycan Ombudsmanının balaca Zəhranın qətlə yetirilməsinin növbəti ildönümü ilə bağlı dünya ictimaiyyətinə çağırışında yer alıb.
"Belə ki, döyüş bölgəsindən uzaqda yerləşən mülki yaşayış obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 12 uşaq həlak olub, 50 uşaq yaralanıb, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirib", - deyə çağırışda qeyd edilir.
Ombudsman Səbinə Əliyeva belə halların beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə pislənilməli və cinayət törətmiş şəxslərə qarşı konkret hüquqi ölçü götürülməli olduğunu dəfələrlə insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətinə çatdırıb.