“Son günlər ABŞ-da COVID-19 epidemiyasından ölənlər və xəstəxanaya yerləşdirilənlər daha çox peyvənd olunmamış insanlardır. COVID-19 vaksinasiya olunmayanların epidemiyasına çevrilir".
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alma Mərkəzinin (CDC) direktoru Roçelle Valensky açıqlayıb.
Direktor ötən həftənin statistikasına əsasən qeyd edib ki, ABŞ-da COVID-19-a yoluxma sayı 70%, ölümlər 26%, xəstəxanalara müraciətlər isə 36% artıb.
Ağ Evin COVID-19 koordinatoru Ceff Zients də epidemiyanın əsasən vaksinasiya olmayan insanları təhdid etdiyini deyib. O, peyvənd nisbətlərinin az olduğu bölgələrdə yoluxma sayının qarşıdakı həftələrdə artacağını da qeyd edib.
Qeyd edək ki, epidemiya başlayandan bəri ABŞ-da 34 milyon 888 min 864 yoluxma qeydə alınıb. Virusdan 624 min 240 nəfər ölüb. Ölkə daxilində epidemiyadan ən çox təsirlənən Kaliforniya əyalətində xəstəlik sayı 3 milyon 851 min 848, ölənlərin sayı 63 min 971 nəfər olub.