11 Avqust 2023 16:45
1 929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun omikron ştamının yeni variantının - EG.5-in dünyada sürətlə yayıldığını bildirib.

Qurumun hesabatında qeyd edilib ki, EG.5 XBB.1.9.2-nin nəslindəndir və XBB.1.5 ilə eyni amin turşusu profilinə malikdir. EG.5 XBB.1.9.2 ilə müqayisədə sünbül zülalında əlavə f456l amin turşusu mutasiyasını daşıyır. Yeni variant ilk dəfə 2023-cü il fevralın 17-də qeydə alınıb.

“Qlobal miqyasda qeydə alınan yoluxma hallarının nisbətində davamlı artım müşahidə olunur. 29-cu epidemioloji həftədə (2023-cü il iyulun 17-dən 23-dək) EG.5-in qlobal miqyasda yayılması 17,4 faiz təşkil edib”, - hesabatda deyilir.

Maraqlıdır, yeni ştam nə dərəcədə təhlükəlidir?

Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Əlizamin Sadıqov Teleqraf.com-a bildirib ki, karonavirus dalğası sönəndən sonra yenidən aktivləşməsi mümkün deyil.

Həkimin sözlərinə görə, hazırda koronavirus respirator infeksiya kimi adi bir vəziyyətə keçib: “Yəni ölkəmizdə koronovirus epidemiyası qrip, adenovirus infeksiyası, respirator sinsitial viruslar (RSV) kimi infeksiyalar səviyyəsindədir. Amma bu infeksiya respirator virus olaraq fərqli xüsusiyyətlərə malikdir. Nədir bu xüsusiyyət? Məsələn, biz mövsüm dəyişməsi zamanı adını çəkdiyim respirator infeksiyaların kəskinləşməsini müşahidə edirik. Yəni daha çox payız və qış aylarında respirator virus infeksiyaların yoluxuculuğu aktivləşir. Amma COVID-19-da belə bir xüsusiyyət var ki, insanları il boyu narahat edir.

Bu gün dünyanın aparıcı səhiyyə orqanları ciddi anons vermirsə, narahat olmağa dəyməz. Yeni ştamlar var və bu variantlar min il sonra da olacaq. Artıq bu, insanlar üçün aktual deyil. Çünki insanlarda kifayət qədər immunitet var”.

Əlizamin Sadıqovun müşahidələrinə əsasən, hazırkı epidemioloji vəziyyət beynəlxalq səhiyyə orqanlarını narahat etmir: “Dünyanı gəzən insanam. Bu gün dünyanın heç bir yerində COVID-19-a qarşı əks epidemik bir tədbir yoxdur. Heç yerdə insanların aktiv fəaliyyətin məhdudlaşdıran tədbir həyata keçirilmir. Bu məsələ aktual deyil.

Bəli, yeni mutasiya olunmuş koronovirus növü aşkarlanıb. Onun adı EG.5-dir. Bunu Amerikadan başqa heç bir dövlət aşkar edə bilməz. Ölkədə yeni yoluxma hallarının 17 faiz təşkil etdiyi deyilir. Bu, böyük rəqəmdir.

Hazırda EG.5.1 adlı yeni koronovirus növünün olduğu deyilir. Yeni ştam əsasən Böyük Britaniyada, Fransada, Niderlandda və İrlandiyada müşahidə olunub. Növbəti aydan bu ştama yoluxmada artım gözlənilir. Amma mövcud durum aparıcı səhiyyə institutlarının cəmlənib ona qarşı ciddi tədbirlər görməsinə əsas vermir. Bir sözlə, vəziyyət səhiyyə orqanlarını narahat etmir. Hətta bunu öyrənən Kolumbiya universiteti anons edir ki, bu, heç də ağır xəstəliyə səbəb olmur. Ola bilər hospitalizasiya halları və müraciətlər artsın, amma COVID-19 artıq öz erasını bitirib və heç vaxt dünya üçün aktual mövzu olmayacaq.

Sübut olundu ki, COVID-19 virusu süni sürətdə yaradılıb. Əgər düşünüb ortaya yeni bir virus çıxarmasalar, bu gün dünyanı narahat edən ciddi infeksiya problemi yoxdur. Qəti şəkildə məhdudiyyətlərə getmək olmaz. İnsanlar aktiv həyat tərzi keçirməlidir. Necə digər infeksiyalara mübarizə aparılır, eləcə də bu virusa qarşı tədbirlər görülməlidir...”

Professor hesab edir ki, müəyyən qrup insanların vaksinasiyaya ehtiyacı var: “Düşünürəm ki, yaşlı, xroniki xəstəliyi, immun sistemi problemi olan insanların immunitetini yüksəltmək lazımdır. Bu gün Azərbaycan cəmiyyətinin 95 faizinin COVID-19-la tanışlığı var. Onlar ya vaksinasiya olub, ya da ki, infeksiyanı keçirib. Odur ki, COVID-in yeni ştam gəlsə belə, heç bir narahatlıq törədə bilməyək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər