Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunun iştirakçıları Azərbaycan könüllüləri adından Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, müraciətdə deyilir:
"Möhtərəm cənab Prezident,
Müzəffər Ali Baş Komandan!
Sizin rəhbərliyiniz altında aparılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası Cənubi Qafqazın lider dövlətinə çevrilmiş, öz gücünə güvənən və tam müstəqil siyasət yürüdən ölkə olaraq dünya miqyasında tanınmışdır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinə göstərdiyiniz xüsusi diqqət sayəsində Azərbaycan könüllüləri üçün geniş imkanlar yaradılmış, gənclərin milli-mənəvi dəyərlərə və eyni zamanda, müasir dövrün tələblərinə uyğun olaraq yetişməsi təmin edilmişdir.
Rəhbərliyinizlə keçirilən, əsas hədəfi dövlətimizin güclənməsi və Azərbaycan xalqının inkişafı və sosial rifahının yaxşılaşdırılması olan islahatlar, biz gənclərə göstərilən diqqət və qayğı Azərbaycan gənclərini və xüsusilə Azərbaycan könüllülərini olduqca qürurlandırır.
Ulu Öndər Heydər Əliyev azərbaycançılığı hər bir azərbaycanlının mənəvi kamilliyinin başlıca şərti bilirdi. Məhz azərbaycançılıq məfkurəsi və vətənpərvərlik hissi ilə Sizin Prezidentliyiniz dövründə yetişən gənclik 3 il bundan öncə başlayan və 44 gün davam edən “Vətən müharibəsi”ndə dəmir yumruğunuz ətrafında səfərbər olaraq 30 il düşmən tapdağı altında qalan torpaqlarımızın azad olunmasına öz töhfəsini verdi. Əldə olunmuş qələbə Sizin polad iradəniz və müzəffər Azərbaycan ordusunun yenilməzliyinin təcəssümü idi. Bu polad iradə və yenilməzlik sayəhsində Prezident seçilməyinizin 20-ci ilinə təsadüf edən bu il əzəli Azərbaycan torpağı olan Xankəndi də daxil olmaqla bütün ölkə ərazisində Dövlət Bayrağını ucaltmağınız biz gəncləri və könüllüləri bir daha qürurlandırır və yeni-yeni zəfərlərə ruhlandırır.
Biz gənclər Azərbaycan Könüllüləri olaraq daim sizin dəstəyinizi hiss etmişik. Sərəncamınıza əsasən 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi fəaliyyətimizə verilən ən yüksək qiymət idi. 2019-cu il fevralında Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika Toplantısında etdiyiniz çağırışa əsasən bir çox dövlət qurumlarının nəzdində yaradılmış könüllü qrupları və könüllü təşkilatlarının birləşərək Azərbaycan Könüllü Təşkilatları İttifaqını təsis etməsi ölkəmizdə könüllülük hərəkatına yeni nəfəs qatdı. Biz ölkədə fəaliyyət göstərən bütün aparıcı könüllü təşkilatlarının fəalları olaraq könüllülüyün daha geniş vüsət alması, bizi birləşdirən dəyərlərin daha çox insana çatması üçün əlimizdən gələni əsirgəmirik. Bununla yanaşı, azad olunmuş ərazilərimizə Böyük Qayıdışa töhfə vermək məqsədilə keçmiş məcburi köçkün gənclərdən ibarət Qayıdış Könüllüləri proqramını təsis etmiş və artıq Ağdam, Şuşa və Zəngilanda fəaliyyətimizi təmin etmişik.
Ötən il ərzində Azərbaycan Könüllüləri həmçinin Xankəndi-Laçın yolunda keçirilən və 138 gün davam edən ekoloji aksiyanın əsas iştirakçıları olmuş, habelə Türkiyə Respublikasında baş vermiş ağır zəlzələ ilə bağlı Sizin çağrışınıza səfərbər olaraq qardaş ölkədə təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında yaxından iştirak etmişlər. Bununla Azərbaycan Könüllüləri həm milli-mənəvi dəyərlərimizə, milli maraqlarımızın qorunmasına, həm də bəşəri dəyərlərə sadiqliklərini bir daha nümayiş etdirmişlər.
Möhtərəm Cənab Prezident,
Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverənliyimizin bərpası hər bir Azərbaycanlının ümdə arzusu idi. Bu arzunu gerçəkləşdirməklə xalqmızın başını ucaltdığınız və bu sevinci bizlərə yaşatdığınız üçün Sizə təşəkkür edirik!
Biz - Azərbaycan könüllüləri, bundan sonra da dövlətimizin və xalqımızın qarşısında duran taleyüklü məsələlərin həllində Sizin, Müzəffər Ali Baş Komandanın yanındayıq. Sizinlə növbəti qələbələrə doğru addımlamağa hazırıq!".