Azərbaycan İstiqlal Bəyannaməsi və Rəsulzadənin izahları
1918-ci il mayın 28-də elan edilən Azərbaycan İstiqlal Bəyannaməsinin mətni XIX əsrin ortalarından etibarən başlayan Azərbaycan Milli Hərəkatının yekun nəticəsi idi. Altı maddədən ibarət olan bu bəyannamədə ən mühüm azadlıqlar və respublikaçılıq düşüncəsinin əsasları təmin olunub. Bəyannamənin dördüncü maddəsi xüsusilə əhəmiyyətlidir: Azәrbaycan Xalq Cümhuriyyәti milliyyәtindәn, mәzhәbindәn, sinfindәn, silkindәn vә cinsindәn asılı olmayaraq öz sәrhәdlәri daxilindә yaşayan bütün vәtәndaşlarına siyasi hüquqlar vә vәtәndaşlıq hüququ tәmin edir.
Vətəndaşlıq və azlıqlar məsələsi – 7 dekabr 1918-ci ildə Azərbaycan Parlamentindəki açılış nitqində Rəsulzadə məclisin ölkədə yaşayan bütün etnik qrupları təmsil etdiyini bildirib: “Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndləri olduğundan, bu Məclis vətənimizi tamamilə təmsil edə bilər”.
Buna görədir ki, Rəsulzadə çıxışının davamında Azərbaycanın Rusiya istilasından qurtulduğunu, rus milləti ilə hər hansı problemi olmadığını qeyd edib: “Bizim Rusiya camaatına qarşı heç ədavət və nifrətimiz yoxdur. Bizar olduğumuz Rusiya; çarizm Rusiyası, Rusiya istibdadıdır. Rusiyaya nifrətimiz, Rusiya istibdadı altında inləyən Rusiya camaatına nifrət demək deyildir. Bizcə mənfur olan Rusiya, millətləri əzən vǝ hüquqlarını verməyən rəsmi Rusiyadır. Bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlərlə ürək istədiyi kimi ittifaq bağlamalıdır”.
1918-ci il dekabrın 10-da Azərbaycan Cümhuriyyəti Parlamentinin ikinci iclasında Məhəmmədəmin Rəsulzadə ölkədəki vətəndaşlıq və azlıqlarla bağlı məsələyə toxunub. O, ölkədə yaşayan digər xalqların da bütün hüquqlara sahib olacağını bildirib: “Məhkumluq acısını dadmış olan Azərbaycan türkü məhkum millət yaratmaz. Azərbaycan Cümhuriyyəti övladını ögey-doğmaya ayırmaz: erməni, rus, yəhudi, gürcü, nemsə, polyak və sair azlıqda olan millətlər Azərbaycan vətəndaşı qalmaqla bərabər, milli-mədəni muxtariyyətə malik olub kəndi ümuri-məzhəbiyyə, milliyyə və mədəniyyələrini özləri idarə etməlidirlər”.
Müsavat Partiyasının rəhbəri kimliyi ilə Rəsulzadə ölkədə yaşayan etniklərin təmsilçiləri ilə də görüşüb. 1919-cu ildə yəhudi qrupların da yaşadığı Azərbaycanın Quba şəhərinə səfər edən Rəsulzadə burada onların dini lideri ilə görüşüb, onlara yeni qurulan dövlətdə müsəlmanlar kimi eyni hüquqa malik olduğunu söyləyib: “Müsəlman və türk cümhuriyyəti olan dövlətimizdə bütün millətlərlə bərabər siz yəhudilər də gərək şəxs və gərək millət etibarilə əmin və amanda olub, rahət yaşayacağınızdan əmin ola bilərsiniz!”.
Sinfi, cinsi, məzhəbi bərabərlik məsələsi – Rəsulzadə 1918-ci ilin noyabrında “Bütün Azərbaycan əhalisinə!” adlı müraciətində məzhəbi və etnik fərq olmadan bütün vətəndaşların eynihüquqlu olduğunu söyləyib: “Bütün Azərbaycan vətəndaşları millət və məzhəb fərqi olmadan bir vətənin övladlarıdırlar. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə öz səadətlərini hazırlamaq üçün onlar bir-birinə yardım etməlidirlər”.
Bu müraciətdən qısa bir müddət sonra açılan Azərbaycan parlamentində azərbaycanlılarla yanaşı ermənilər, ruslar, polyaklar, yəhudilər, almanlar da təmsil olunublar. Rəsulzadənin sədri olduğu Müsavat Partiyası parlamentdə digər azadlıqların da həyata keçməsində önəmli rol oynayıb. 1919-cu il iyulun 21-də Azərbaycan Parlamenti “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq edib. Əsasnaməyə görə, cinsindən, irqindən, milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, 20 yaşına çatmış və səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarının səsvermə hüququ vardı. Bu Əsasnamə o dövrdə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ən demokratik seçki hüququ müəyyən edən tarixi sənəddi. Göründüyü kimi, burada qadınlara da səsvermə hüququ nəzərdə tutulub.
Rəsulzadəyə görə klassik demokratiya ümdələri müstəqil Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsində yer alıb: “Hakimiyyətin xüsusilə xalqa aid olduğu, hökumət şəklinin mütləq cümhuriyyət olacağı, vətəndaşlar arasında müsavat əsasına riayət edilərək zümrə və sinif təhəkkümünə meydan verilməyəcəyi, fikri, dini və fəlsəfi həyatın tam hürriyyətə malik olacağı kimi böyük ideyalar burada açıq və qətiyyətlə qeyd olunmuşdur”.
Rəsulzadəyə görə, Azərbaycan Cümhuriyyətinin təşəkkülü Azərbaycan xalqının ümmət dövründən millət dövrünə keçərək çatdığı qəti bir mərhələdir. 28 may 1918-ci il tarixli bəyannaməni nəşr etməklə Azərbaycan Milli Şurası sözün siyasi mənası ilə bir Azərbaycan millətinin varlığını təsbit edib. Azərbaycan kəlməsi coğrafi, etnoqrafik və linqivistik bir kəlmə olmaqdan çıxaraq siyasi bir mövcudluq olub. Rəsulzadə qurulan dövlətin söykəndiyi əsas prinsipləri bu şəkildə açıqlayıb: “Azərbaycan Cümhuriyyəti bir dövlət olaraq varlığını tapmasında əsrimizə hakim olan milliyyət prinsipləri və hürriyyət ideyalarına borclu olmaqla bərabər öz tarixi ilə sıx bağlıdır. Azərbaycan millətinin istiqlalını elana varan hərəkat hər şeydən əvvəl bir demokratiya və hürriyyət hərəkatıdır. Azərbaycanda milliyyətçilik demokratik bir mahiyyət alır”.
Rəsulzadəyə görə demokratik bir rejimin həqiqi surətdə qurulub yerləşə bilməsi üçün xalqın şəxsən və yaxın şəkildə idari işlərdə feilən təmasa girməsi vacibdir. Onun fikrincə, Milli Şuranın mövcudluğu, Azərbaycan parlamentində tətbiq olunan vəziyyət parlamentarizm üsulunun tamamilə gerçəkləşdiyi şəklində idi. Azərbaycan parlamentindəki vəziyyəti Rəsulzadə bu şəkildə xülasə edib: “Azərbaycan Parlamentində sinif, silk, milliyyət və məzhəb fərqi qoymadan əhalinin hər qismi təmsil edilmişdi”.
Rəsulzadənin nəzərində müsavatçılıq, cümhuriyyətçilik və azərbaycançılıq
Məhəmmədəmin Rəsulzadənin respublikaçılıq görüşünün əsasında müsavatçılıq adı verdiyi düşüncə sistemi dayanır. Kəlmə mənası “bərabərlik” olan Müsavat Rəsulzadənin ideologiyasına uyğun olaraq partiyasına seçdiyi addır. Rəsulzadə özü müsavatçılığın tərifini bu şəkildə verib: “Müsavatçılıq hürriyyət, mülkiyyət və ictimai təsanüd prinsipləri ilə milli demokratiya və cümhuriyyət əsasına söykənən milli istiqlal mübarizəsi deməkdir”.
1920-ci ildə verdiyi konfransda Rəsulzadə Azərbaycanın sosial vəziyyətinə müvafiq ideologiyanı bu şəkildə açıqlayıb:
“Azǝrbaycan xırda mülkiyyǝt mǝmlǝkǝtidir. Ona görə də bura xalqı mülkiyyǝt ǝsasını inkar edǝn ictimai cǝrǝyanlar arxasından gedə bilməz. İslam millǝtlǝrini bir camaat vǝ ümmǝt tǝsǝvvür edǝn vǝ milliyyǝti inkar edǝn islam birliyi cǝrǝyanı da burada özünə yer tapa bilməz, çünki bu fikir Azǝrbaycan üçün çox köhnəlmiş bir fikirdir. Burada nǝ imperialist bir cǝrǝyan var, nǝ dǝ bir din tǝǝssübü ki... Burada, bu iqtisadiyyatı yeni inkişaf edǝn xırda mülk mǝmlǝkǝtindǝ, feodalizm dövrünǝ ǝlvida deyǝrǝk geniş bir sǝnaye vǝ ticarǝt dövrünǝ daha girmǝkdǝ olan bu yerlǝrdǝ ǝn qüvvǝtli partiya milli-demokrat mǝslǝki yolunu tutan partiyadır. Bu partiyanın adı “Müsavat” olmaya bilǝr, fǝqǝt müsavatçı olması zǝruridir”.
1936-cı ildə Varşavada baş tutan Müsavat partiyasının qurultayında Rəsulzadə dəyişən şəraiti nəzərə alıb partiyanın yeni proqramını qəbul edib. Yeni nizamnamədə müsavatçılığın tərifi bu şəkildə verilib: “Müsavatçılıq böyük türk mədəniyyətinə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyidir. Müsavatçılıq milli birlik və təsanüdü əsas olaraq götürür və hər cür sinif və zümrə hakimiyyətini rədd edir”.
Solidarizm nəzəriyyəsini qəbul edən müsavatçılıqda fərd qanun nəzərində hər cəhətdən bərabər və tam hüquqlu bir vətəndaş olub, siyasi, əqidəvi və fikri azadlıqlardan istifadə edəcəkdir. Müsavatçılıqda mülkiyyət haqqı əsasdır. Rəsulzadə həm liberalizmin, həm də kommunizmin Azərbaycandakı topluma xas olmadığını izah edib: “Nə fərdi hürriyyətlə şəxsi mülkiyyətin mütləqiyyətindən doğan kapitalist anarxiyası ilə sərmayə istibdadı, nə də insanları mənliyindən çıxararaq kölə və makinə halına gətirən kommunizm əsarəti. Nə mütləq liberalizm, nə də mütləq kollektivizm. O halda ikisini təlif edən solidarizm”.
Rəsulzadənin təklif etdiyi solidarizm sistemində mütləq hürriyyət və mülkiyyətdə qismi şərtlər təklif edilib:
“Təsanüdçülükdə müasir mədəniyyətin əsasını təşkil edən hürriyyət, şəxsi təşəbbüs və mülkiyyət əsasları mövcuddur. Lakin eyni zamanda dövlət mütləq liberalizmdə olduğu kimi fərdlər, siniflər və zümrələr arasındakı münasibətlər və mücadilələrə laqeyd, sırf nəzarətçi vəzifəsilə mükəlləf bir müəssisə deyildir. Bu sistemdə hürriyyət də, mülkiyyət də mütləq deyil, şərtidir. Şərt isə ümumun mənfəəto və dövlətlə millətin səlaməti üçündür. Şəxsin, zümrə və ya sinfin hürriyyəti kollektivin ali mənfəətləri və azadlığını pozmamaq şərtləri ilə çərçivələnmişdir. Solidarizmdə dövlət millətin nümayəndəsi və cəmiyyətdəki münasibətlərin nizamlayıcısıdır”.
Rəsulzadəyə görə solidarizmdə dövlət hürriyyət və mülkiyyətin azadlığını və inkişafını zədələmədən ümumi mənfəətlərə ziyan vuran aşırı liberal həmlələri tənzimləməkdədir. Onun fikrincə, liberalizm də kommunizm kimi aşırı kosmopolitdir, solidarizm isə millidir. Liberalizm mədəniyyətin ruhunu fərdin yaradıcı eqoizmində, kommunizm isə sinif eqoizmində görür. Solidarizm isə mədəniyyəti fərd eqoizmi ilə cəmiyyət mənfəətləri arasındakı ahəngdən ibarət bilir. Mədəniyyət və tarix bağları ilə mənəvi birlik təşkil edən bir millətin fərdləri bütünün ortaq mənfəətlərini qorumaq üçün öz şəxsi hirs və mənfəətlərini hüdudlandırmaq məcburiyyətindədirlər. Bütünün mənfəətlərini təmsil edən müəssisə dövlətdir.
Məhəmmədəmin Rəsulzadə XIX əsrdən etibarən başlayan və əsas hərəkətverici qüvvələrindən olan müsavatçılıq əsasının da yer aldığı coğrafi Azərbaycandan siyasi Azərbaycana gedən yolu ümumiləşdirərək azərbaycançılıq kimi adlandırıb. Çünki Rəsulzadə və Müsavat partiyası nə Rusiya tərkibində bütün müsəlman və türklərin birliyi ideyasını, nə də Azərbaycanın tarixi keçmiş və mədəniyyət bağları ilə yaxın olduğu Osmanlı imperiyasına birləşməsini müdafiə edib. İstər muxtariyyət tələbi dövründə, istərsə də istiqlalçılıq düşüncələrində Azərbaycanın ayrıca müstəqil dövlət kimi formalaşması fikrini dəstəkləyib. Rəsulzadə azərbaycançılıq ideologiyasını əsərində bu şəkildə izah edib: “Azərbaycançılıq istiqlalçılıq deməkdir. O istiqlalçılıq ki, tarixin ən böyük müəssisəsi olan milliyyətin dövlət olmaq üzrə müzəffər yürüyüşü deməkdir; Azərbaycançılıq böyük türk irqinə mənsub bir millətin istiqlalını qazanmaq üçün başlanmış şanlı bir mücadilədir; Azərbaycançılıq eyni zamanda bir hürriyyət və mədəniyyət hərəkatıdır ki, onun əsas mahiyyəti xalqçılıq və milli hakimiyyətdir; Azərbaycançılığın siyasi nümayəndəsi Müsavat partiyasıdır.
Məhəmmədəmin Rəsulzadə Azərbaycan milli hərəkatını həm məhəlli tarixi keçilmişliyə bağlayır, həm də Avropadakı azadlıq hərəkatlarının nəticəsi olaraq formalaşdığını bildirib. O, Azərbaycandakı milli hərəkatın xarakterini bu şəkildə izah edib:
“İdeoloji mənşəyi etibarilə milli Azərbaycan hərəkatı Şərqdəki milli qurtuluş ideyaları ilə Qərbdəki kültür və demokratiya cərəyanlarını öz növündə birləşdirmiş bir hərəkatdır. Müsəlman və türk məmləkəti olması etibarilə Qafqaz Azərbaycanı nə din, nə irq, nə də kültür baxımından özü ilə qətiyyən əlaqəsi olmayan Rusiya tərəfindən ancaq silah gücü ilə tutulmuşdur və məlum olduğu üzərə tarixi ənənəsi türk və İslam düşmənliyinə dayanan bu dövlətə heç bir zaman isinəmədiyindən gərək türkçülük və gərəksə islamçılıq ideyaları burada daima canlı inikaslar bulmuşdur. Zamanın keçməsi və ictimai qüvvətlərin açılması sayəsində cəmiyyət hərəkatına geniş xalq təbəqələrinin daha ziyadə qovuşması nisbətində müsəlman Şərqin digər hər hansı bir məmləkətindən daha əvvəl Azərbaycandakı milli hərəkat Avropayi bir şəkil almışdır”.
Azərbaycan parlamentindəki çıxışında Rəsulzadə yeni yaranan dövlətin hələ ki konstitusiyası olmasa da, parlamentarizmə söykəndiyini bildirib: “Azərbaycanda konstitusiya hələ tərtib verilməmişsə də, biz parlamentarizmi qəbul etmişik və konstitusiyamızın baş xəttini parlamentarizm təşkil edəcəkdir. Biz parlamentarizm qəbul etmiş olan məmləkətlərin, o cümlədən İngiltərənin qanunlarından asanlıqla istifadə edə bilərik. Parlaman məbusu milləti təmsil edir, ona görǝ, o həmişə azad olmalıdır. Bir məbus eyni zamanda hökumət məmuru olarsa, heç vaxt azad danışa bilməz. Parlamansız məmləkətdə istibdad olar. Halbuki biz parlaman və cümhuriyyət əsası ilə yaşamalı və məmləkətimizi bu əsas ilə idarə etməliyiz”.
Nəticə olaraq qeyd edək ki, Məhəmmədəmin Rəsulzadə istər ictimai-siyasi, istərsə də mətbu fəaliyyətində çar müstəmləkəçiliyinə və işğaldan sonra bolşevizm düşüncəsinə qarşı respublikaçılığı, müsavatçılığı və daha ümumiləşdirilmiş ideologiyası olan azərbaycançılığı qoyub. Rusiyanın müsəlmanlar yaşayan bölgələrində, eləcə də Cənubi Qafqazda ümmətdən millətə keçid dövrünü dəstəkləyən Rəsulzadə bölgənin istiqlalının əldə edilməsi ilə yanaşı yaranacaq dövlətin çağdaş dəyərlər əsasında idarə edilməsinin də vacibliyini başa düşüb. Həm Müsavat partiyasının sədri, həm də Azərbaycan Milli Şurasının sədri kimliyi ilə Azərbaycanda cümhuriyyətçiliyin, sosial ədalətə söykənən müsavatçılığın, vətəndaşlar arasında birliyi simvolizə edən parlamentalizmin müdafiəçisi olmaqla mühacirətdə yaratdığı təşkilat və mətbu orqanlarda da davamlı şəkildə gündəmə gətirib. Rəsulzadə Cənubi Qafqaza müəyyən qədər gecikmiş şəkildə gələn millətləşmə dövrünü daha geniş planda başa düşərək vahid Azərbaycan milləti və bu millətin yaşadığı coğrafi bölgəni və bu bölgə üzərindəki milli və demokratik hakimiyyətin qurulmasında mühüm xidmətlər göstərib. Etnik azlıqlarında təmsilçilərinin yer aldığı, eləcə də müxtəlif görüşlü fraksiyaların olduğu, tam azad şəkildə müzakirələrin aparıldığı bir parlamentin qurulması da birbaşa onun adı ilə bağlıdır.