Rauf Zeynalov: “Yad evə qonaq gedəndə özümüzü necə aparırıqsa, suyun altında da elə aparmalıyıq”
Dayvinq idman növü deyil, sadəcə, sualtı gəzinti, səyahət, əyləncə və əylənmək üçün attraksiondur. Bu, hər bir kəsin uşaqlıqdan dəniz və okeanların sirlərini öyrənmək arzusudur. Dayvinq 3 ayrı fəzanın bəxş etdiyi hissləri yaşadır. Bir tərəfdən tropik dənizlərin qeyri-adi mərcan mənşəli füsunkar relyef formaları, digər tərəfdən sizinlə oynamağa cəhd göstərən və yanınızdan sürətlə üzüb keçən delfinlər...
Bu sözləri “Dolphin Baku NDL” Dayvinq Mərkəzinin təlimatçısı Rauf Zeynalov deyir.
56 yaşlı tələbə və üzməyi bacarmamaq
Bu mərkəzin ən maraqlı tərəfi odur ki, alpinizmlə dayvinqi birləşdirməklə yaranıb. Bu klubun fəaliyyətinin əsas istiqaməti yüksək dağlıq ərazilərdə yerləşən göllərə və bir də dənizə dalma (dayvinq) idmanıdır. Mərkəz Alpinizm Federasiyasının nəzdindədir.
Rauf Zeynalov deyir ki, dayvinqlə ilk dəfə 2000-ci ildə məşğul olub. Həmin vaxtdan bu işlə məşğuldur və əsas məqsədi bu attraksionu başqalarına da öyrətməkdir: “Dağlara, meşələrə həmişə meylim-marağım olub. Dayvinq isə mənə ən sirli dünyanı açdı, mən dəniz dibinə səyahəti öyrəndim. 2012-ci ildə rəsmən dayvinq təlimatçısı oldum. Azərbaycanda ilk milli dayvinq liqasının baş məşqçisi və təlimatçısıyam.
İdman elə bir yarışdır, sən daha güclü, daha uzağa, daha cəld hərəkət etməyə çalışırsan ki, qalib olasan. Dayvinq isə alpinizm kimidir. Bu idman yox, həyat tərzidir, həyatda olduğu kimi, burada da müəyyən problemlərə rast gəlmək olar. Misal üçün, yoldaş itkisi, üzmə qabiliyyətindən məhrum olmaq və sair".
Dayvinq kurslarında bütün sağlam insanların məşğul ola biləcəyini söyləyən müsahibim deyir ki, bu məsələdə əsas məqam fiziki və ruhi sağlamlığın olmasıdır: “Yaş məhdudiyyəti yoxdur. Amma 8-10 yaşda bu işlə məşğul olmaq daha məsləhətdir. Bizim ölkədə dayvinq kurslarına yazılanlar arasında gənc nəsil üstünlük təşkil edir. Hiss olunur ki, cavanlar ekstremal idman növlərinə daha çox həvəs göstərirlər. Ancaq yaşlı insanlar da müraciət edirlər.
Məsələn, axırınci ahıl tələbəmin 56 yaşı vardı. Dayvinq zamanı üzməyi bacarmaq lazım deyil. Əsas istək və təlimatçının qeydlərini nəzərə alıb onlara əməl etməkdir. Elə ona görə də dayvinq üçün xüsusi kurs keçməlisən. Dayvinqlə məşğul olmaq üçün kursu bitirib vəsiqə almaq lazımdır.
“Dolphin Baku” Dayvinq Mərkəzi istəyi olanları öyrətməyə hazırdır. İnsanlar suyun bir neçə metr dərinliyinə düşəndən sonra özlərini daha yaxşı hiss etməyə başlayırlar, çünki aşağıda, suyun altında təzyiq daha yüksəkdir. Orqanizmin belə şəraitə uyğunlaşması üçün dalmadan əvvəl suyun üzərində vaxt keçirmək tələb olunur".
“Suyun altında ən təhlükəli canlı insandır”
Qeyd edək ki, dayverlərin bilik və bacarıqları böyük əhəmiyyət kəsb edir. Burda təhsil, təchizat, təcrübə böyük rol oynayır.
Təlimatçı bildirdi ki, sentyabrın 11-də “Dolphin Baku” Dayvinq Mərkəzi möhtəşəm tədbir təşkil edib. Nəfəs saxlama üzrə dünya çempionu olan Jan Lyuk Genoninin Nargin adasında möhtəşəm dayvinq şousu baş tutub: “Xəzər dənizinin sualtı aləminə baş vurub, suyun altında 18 dəqiqə 3 saniyə qalmaqla rekord vurdu. O, hazırda 150 metr dərinliyi olan suya skuterlə baş vurmağı düşünür. Skuterin sürəti saniyədə 80 metrdir. O, Bakını çox bəyəndi və bildirdi ki, burada dayvinq üçün yüksək şərait var”.
Rauf Zeynalov deyir ki, suyun altında ən təhlükəli canlı insandır: “Biz kursa başlayan zaman tələbələrimizə ilk olaraq öyrədirik ki, suyun altında heç nəyə əl vurmaq olmaz. Yad evə qonaq gedəndə özümüzü necə aparırıqsa, suyun altında da elə aparmalıyıq. Heç nəyə toxunmaq olmaz. Suyun altında o qədər balıq var ki, çox qəşəng görünürlər, adam istəyir, heç olmasa barmağını vursun. Amma ola bilər, gözəl görünən həmin canlı həddindən artıq təhlükəlidir.
Mənim bir məşqçim vardı, Dmitriy Petroviç Siyanov, o, deyirdi ki, özünə əminliyi, ümumiyyətlə, əminliklə səhv salmaq olmaz. Bu, çox gözəl sözdür. Çünki doğurdan da, bir var, özünə əminsən, bir də var, ümumən əminsən. Əminsən dedikdə, yəni öz ləvazimatlarına , sığortana, hava aparatına və sair nəzərdə tutulur. Bir də var, sən özünə əminsən, arxayınsan ki, mən güclüyəm, qüvvətliyəm, harasa üzüb problemsiz çata bilərəm. Bunların yerini səhv salmasan, bu, sənə sağlam idmanla məşğul olmaqda kömək edəcək".
“Bəzən həyatı bahasına başa gəlir”
Həvəskar dayverlər üçün maksimal dərinlik 40 metr olur.
Həmsöhbətim deyir ki, mərkəzdə həvəskarlar da təhlükəsiz dayvinqlə məşğul ola bilirlər: “Bunu öyrənmək həvəsi, istəyi olanlar üçün edirik. Dayvinqdə rekordların heç bir əhəmiyyəti yoxdur. Mən heç vaxt müqayisəni sevməmişəm. Lakin idman nöqteyi-nəzərdən baxsaq, fri-dayvinqdə də, texno-dayvinqdə də özünəməxsus ehtiras və rekordlar var. Dərinlik, havasız qalma rekordları və sair. Misal üçün, texno-dayvinqin problemi odur ki, bəzi adamlar dalmanın məqsədini bilmirlər. Onlar üçün əsas şey maksimum dərinliyə düşməkdir. Bu da onları yoldan çıxarır. Bəzən hətta həyatları bahasına başa gəlir...”
Təlimatçı deyir ki, balonda havanın müəyyən olunan vaxtdan tez qurtarması hava balonlarının və ağciyərin həcmindən, suyun temperaturundan, dərinlikdən asılıdır: “Bu balonların havası orta hesabla 45-50 dəqiqəyə qədər sərbəst çatır. Texniki vasitələrimiz istədiyimiz səviyyəyə uyğundur. Avropa Sualtı Federasiyası fəaliyyət göstərir. Texniki avadanlıqlarımız müvafiq standartlara cavab verir”.
İlhamə Əbülfət