8 Aprel 2016 15:48
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yasamal rayon Məhkəməsində AzTV-nin sədri Arif Alışanovun televiziyanın keçmiş işçisi, tele-jurnalist, professor Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı şikayət üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçən prosesdə Qulu Məhərrəmlinin vəkili Cavid Rzazadə bildirib ki, prosesdə Arif Alışanov iştirak etmir. Vəkil Arif Alışanovun məhkəməyə gəlməsini istəyib: “Arif Alişanov məhkəməyə gələrək xahiş etməlidir ki, onu məhkəmədə nümayəndəsi təmsil etsin”.

Daha sonra vəkil işin baxışa verilməməsi və Arif Alışanovun məhkəməyə gəlməsi barədə vəsatət verib.
AzTV sədrinin vəkili isə vəsatətin təmin edilməməsini istəyib. Qulu Məhərrəmli çıxış edərək bildirib ki, məhkəməyə hörməti olduğu üçün proseslərə gəlir.

Daha sonra hakimlər müşavirəyə gediblər.

Müşavirədən qayıdan hakimlər işin baxışa verildiyini açıqlayıblər. Növbəti proses aprelin 15-nə təyin edilib.

Arif Alışanov və Qulu Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.

Arif Alışanov Qulu Məhərrəmlinin mətbuatda onun haqqında yaydığı məlumatla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. O, Qulu Məhərəmlidən 100 min manat tələb edib. Arif Alişanov ərizəsində həmin pulu uşaqlar evinə verəcəyini deyib.

Xatırladaq ki, Arif Alişanov şərəf və ləyaqətinin təhqir olunduğu iddiası ilə Yasamal Rayon Məhkəməsinə də müraciət edib. O, Qulu Məhərrəmlinin barəsində cinayət işinin başlanmasını istəyir.

Qulu Məhərrəmliyə qarşı Nəsimi rayon Məhkəməsinə daxil olan mülki iddia ərizəsinə isə aprelin 25-də baxılacaq.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər