22 Mart 2021 18:17
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Cəmil Hüseynov və Elşən Gözəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Siyavuş Hacıyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il dekabrın 31-də, gecə saat 05 radələrində 1987-ci il təvəllüdlü Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması barədə Pirallahı rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng qablaşdırılaraq götürülüb, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş kompleks istintaq və əməliyyat-axtarış tədbirləri ilə, zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun 30 dekabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixə keçən gecə saat 02 radələrində şəxsi münasibətlər zəminində qabaqcadan əlbir olaraq bir qrup şəxs halında odlu silahdan istifadə edib, Röyal İlyasovu yaşadığı evin yaxınlığında qəsdən həyatdan məhrum etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Elşən Gözəlov və Cəmil Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov