4 İyul 2016 18:55
298

Ötən həftə Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası keçirilib. Qoqolun eyniadlı pyesi əsasında hazırlanan iki hissəli səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz (Anton Antonoviç Skvoznik Dmuxanovski), Rafiq Əzimov və Əlvida Cəfərov (Osip), əməkdar artistlər Elşən Cəbrayılov (İvan Aleksandroviç Xlestakov), Şəlalə Şahvələdqızı və Nigar Güləhmədova (Anna Andreyevna), Kazım Həsənquliyev və Məzahir Cəlilov (Artemi Filippoviç Zemlyanika), Elxan Quliyev (İvan Kuzmiç Şpekin), Aslan Şirin və Elnur Qədirov (Pyotr İvanoviç Dobçinski), Firuz Xudaverdiyev (Xristian İvanoviç Qibner), aktyorlar Rövşən Kərimduxt (Ammos Fyodoroviç Lyapkin-Tyapkin), İlahə Həsənova (Marya Antonovna), Rəşad Bəxtiyarov (Luka Lukiç Xlopov), Ramin Şıxəliyev və Cümşüd Zeynalov (Pyotr İvanoviç Bobçinski) və Elgün Həmidov (Svistunov, meyxana xidmətçisi, Mişka, Şeytan) çıxış edir.

Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Sənət adamlarının tamaşa, onun çatışan, çatışmayan cəhətləri barədə fikirlərini Teleqraf.com-la bölüşüblər.

“Belə Xlestakov görməmişəm”

Əməkdar incəsənət xadimi, teatr tənqidçisi Məryəm Əlizadə: “Mikayıl Mikayılov artıq yetkin bir rejissordur. Və o bunu ard-arda ortalığa qoyduğu işləri ilə sübut edir. Mən bir neçə “Müfəttiş” görmüşəm. Hətta Rusiya səhnəsində də görmüşəm. Ona görə əminliklə deyə bilərəm ki, Mikayılın “Müfəttiş”i özünəməxsus yozumdur.

Tamaşada güclü rejissor işi, çox gözəl aktyor oyunu var. Rollar çox dəqiq bölüşdürülüb və aktyorlar da çox böyük həvəslə oynayırlar. Hesab edirəm ki, bu tamaşa Mikayılın rejissorluq nümunəsində bizim Akademik Milli Dram Teatrının çox böyük uğurudur.

Elşən Cəbrayılov çox istedadlı aktyordur. Mən hələ belə Xlestakov görməmişəm. O bütünlüklə bu obrazın içində idi. Elşənə əhsən deyirəm.

Ümumiyyətlə, tamaşada gözəl aktyor oyunu var idi. Rafael müəllim, Rafiq Əzimov, gənc aktyorlar son dərəcə yüksək səviyyəli oyun göstərirdilər.

Çatışmayan cəhətlərinə gəlincə, bunu demək üçün mən gərək tamaşaya ikinci dəfə baxım. Mütləq baxmalıyam ki, deyəcəyim sözlərə məsuliyyət daşıya bilim. İndi dediklərim tam obyektiv fikirdir”.

“Rabitə qırılırdı, temp aşağı düşürdü”

Teatrşünas alim Vidadi Qafarov: ““Müfəttiş” son 5 ildə Azərbaycan səhnəsində tamaşaya qoyulmuş ən güclü tamaşalardan biridir. Həm rejissor işi, həm də aktyor ifaları baxımından tamaşa bir –birini tamamlayır. Rejissorun yozumu Qoqulun, əsərin ideyası ilə səsləşir və bu gün üçün çox aktual mövzuya çevrilir. Rejissor əsərin həmişəyaşarlılığını onun ideyasını qorumaqla təsdiqləyə bilib.

Klassik əsərləri tamaşaya qoymaq həm asandır, həm də çətindir. Asandır ona görə ki, hamı əsəri bilir. Çətindir ona görə ki, hamının bildiyi əsəri yeni quruluşda, yeni yozumda tamaşaçıya çatdırmaq və sevdirmək lazımdır. 150 il bundan əvvəl yazılmış bir əsəri indiki dövr üçün aktuallaşdırmaq çox asan iş deyil. Bunu rejissor bacarır.

“Müfəttiş” rejissor yozumunda, rejissorun personaj yozumunda, tamaşanın ümumi quruluşunda, dinamik, musiqi, tərtibat həllində harmonik bir tamaşadır. Bu harmoniya tamaşanın aktuallığını bədii şəkildə təsdiqləyə, təzahür etdirə, tamaşaçıya çatdıra və öz məqsədinə nail ola bilib.

Tamaşada aktyorların gözəl ifasını görmək olardı. Onlar rejissorun yozumunu düzgün icra edirlər. Elşən Cəbrayılov, Rafael Dadaşov, Ramiz Novruz...

Qeyd edim ki, Rafael Dadaşov və Ramiz Novruzun özünəməxsus bələdiyyə rəisi var. Ümumiyyətlə isə komanda şəklində tamaşa alınıb.

Çatışmayan cəhətləri... İlk tamaşaya baxdım, bəzən səhnələr arası rabitə qırılırdı, müəyyən epizodlarda temp aşağı düşürdü- bu da hansısa aktyorun müəyyən qədər dinamikadan geri qalması sayəsində baş verirdi. Sadaladıqlarım xırda nüanslardır. Və bunlar hamısı tamaşa oynanıla-oynanıla aradan qalxacaq qüsurlardır. Bunlara ötəri qüsurlar deyilir. Əsas odur ki, tamaşanın kompleks yozumu və rol bölgüsü düzgündür.

Bu mənada tamaşa alınıb və sözümün əvvəlində dediyim kimi onu son 5 ildə Azərbayan səhnəsində tamaşaya qoyulmuş ən güclü əsərlərdən biri hesab edirəm”.

“Heç bir aktyor səhnədə boş deyildi”

Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Hüsniyyə Mürvətova: “Tamaşa çox xoşuma gəldi. Bir sözlə, mükəmməl idi. Orda səhv tuta biləcəyim heç bir nüans yox idi. Dekor, işıq, musiqi, aktyorların geyimləri, aktyor oyunları, ümumiyyətlə üslub çox mükəmməl idi. Rejissor işi də çox xoşuma gəldi. Hiss olunurdu ki, bütün aktyorlarla tək-tək işlənilib. Bir aktyor belə səhnədə boş deyildi.

Rafael müəllim səhnədə necə dəyişilmişdi və necə maraqlı idi...Elşən mənim üçün tamam başqa tərəfdən açıldı. Ramin, Nigar, İlahə çox plastik idilər.

“Müfəttiş” son zamanlar baxdığım tamaşaların içində çox bəyəndiyim tamaşalardan biri oldu. Bütün yaradıcı heyəti ürəkdən təbrik edirəm”.

Nərmin Muradova


Müəllif: