25 Aprel 14:50
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları, tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nərminə Hüseynova ifadə verib.

O bildirib ki, 2020-ci ilin iyulundan 2023-cü ilin iyul ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işləyib, hazırda Tarix İnstitutunda çalışır.

Şahid qeyd edib ki, 2020-2021-ci illərdə arxeoloji qazıntı işlərinə ezam olunması ilə bağlı adını yazıblar, amma ekspedisiya işlərində iştirak etməyib: "Mənim bu işlərdən xəbərim olmayıb. Mən yalnız cədvəllərə imza etmişəm. Gülüstan xanım mənə kağız verib həmin kağıza imza atmağımı deyib".

Təqsirləndirilən Səbuhi Hüseynov bildirib ki, Nərminə Hüseynovanın iki ekspedisiya işində adı yazılıb. Onun sözlərinə görə, 2020-cinilon avqust ayında və 2021-ci ildə Nərminə Hüseynovanın adının ekspedisiyaya yazılmasını Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru olmuş Maisə Rəhimova tapşırıb.

Təqsirləndirilən şəxs arayış verəndən sonra prokuror şahid Nərminə Hüseynovaya suallar verib. Suallara cavab verən şahid deyib ki, həmin dövrdə əməkhaqları karta köçməyib, bu səbəbdən həmin ayrılan pullardan xəbəri olmayıb: "Ekspedisiya işində adım olub. Bunu da mənə Gülüstan xanım deyib. Mənim imza olunan cədvəldə yalnız ad-soyadım olub. Digər xanalar isə boş olub. Cədvəldə pulla bağlı rəqəm olmayıb. Mənə imza edilən sənəddə pula aid olub-olmadığım deyilməyib. Mən bu işdə pul söhbətinin olmasını bilməmişəm. Pul qrafikası boş olub. Pulla bağlı hər hansı bir rəqəm olmayıb".

Nərminə Hüseynovanın hazırkı ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu müəyyən edilib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. Nərminə Hüseynova ifadəsinin bir hissəsində göstərib ki, 2021-ci ildə Müzəffər Hüseynovun tapşırığı ilə ekspedisiyaya gedib. Onun ifadəsinə görə, ekspedisiyada iştirak etdiyi üçün kartına 900 manat köçüb: "Həmin pulu kartdan çıxardım. 800 manatı Müzəffər Hüseynova verdim, qalan 100 manat isə mənə qalıb".

Şahid bildirib ki, ekspedisiya işində hesabat yazıb, buna görə də 100 manat ona çatıb.

Digər şahid Azər Əliyev bildirib ki, institutda elmi işçi işləyib, hazırda təqaüddədir. Onun sözlərinə görə, Tarix Dostəliyev ilə birlikdə 30-a yaxın ekspedisiya işlərində iştirak edib. Onun sözlərinə görə, Səbuhi Hüseynov ilə də ekspedisiya işlərində iştirak edib.

Təqsirləndirilən Səbuhi Hüseynov bildirib ki, Azər Əliyevin 2019-2020-ci illərdə 2 dəfə ekspedisiya işlərinə adı yazılıb: “Amma bu şəxsin üzünü də görməmişik. Bu şəxslə bağlı etiraz etmişəm, gəlib ekspedisiya işlərində iştirak etməsini istəmişəm. Ümumilikdə qeyd etdiyim kimi 4 nəfərin adı yazılıb, amma heç biri işlərində olmayıb. Onlardan biri də Azər Əliyevdir. 4 nəfərin pulu – 1800 manat edib. Həmin pulu da Maisə Rəhimovaya vermişəm”.

Daha sonra şahid qismində Pərvanə Əhmədzadə ifadə verib. Məlum olub ki, Pərvanə Əhmədzadə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda laborant kimi işə götürülüb. 6 il həmin institutda laborant işləyib, bu illər ərzində bir dəfə də olsun institutun qapısını açmayıb.

Şahid qeyd edib ki, təqsirləndirilən şəxslərdən heç birini tanımayıb. Onun özü də etiraf edib ki, institutda adı getsə də, heç vaxt ora getməyib.

Pərvanə Əhmədzadə deyib ki, 2015-ci ildə institutda işi rəsmiləşdirilib, amma onun işlərini atası görüb. Onun sözlərinə görə, evdə ona atası bəzi sənədlər verib, o da həmin sənədlərə imza atıb. Şahid həmin sənədlərin nədən ibarət olduğunu bilməyib.

Hakimin instituta “ölü canlar”ın olması barədə kimlərə müraciət edildiyi barədə suala cavabda Səbuhi Hüseynov deyib ki, bununla bağlı müvafiq qurumlara müraciət edib, amma bir nəticəsi olmayıb.

Səbuhi Hüseynov həmçinin əlavə edib ki, 2019-cu ildə Pərvanə Əhmədzadənin adı Maisə Rəhimovanın göstərişi ilə Ağdam və Bərdə rayonunda aparılan ekspedisiya işlərinə yazılsa da, bu işlərdə iştirak etməyib.

Məhkəmədə o da məlum olub ki, Pərvanə Əhmədzadənin adı 7 dəfə ekspedisiyada yazılıb, amma heç birində iştirak etməyib, adına yazılan pullar isə kimlərsə tərəfindən götürülüb.

Hakim bildirib ki, hər ekspedisiya 900 manat olmaqla Pərvanə Əhmədzadənin adına 6300 manat pul yazılıb. Hakim onu da əlavə edib ki, bu fakt dövlət vəsaitinin mənimsənilməsi faktını ortaya çıxarır. Hakim bunun cinayət əməli olduğunu bildirib.

Növbəti proses mayın 8-də davam edəcək.

İttihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min 700 manatını mənimsəməkdə təqsirləndirilir.

Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət Məcəlləsinin 179.3.2- ci maddəsi ilə 5 ilə, 308.2-ci maddəsi ilə 7 ilə, 313-cü maddəsi ilə isə 2 ilə qədər cəza nəzərdə tutulub.

Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Milli Elmlər Akademiyasının Arxelogiya, Etnoqrasiya və Antropoligiya İnstitutu tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər