25 Aprel 16:23
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxs dövlət ittihamçısına etiraz edib.

Sümbülə Əliyeva bildirib ki, dövlət ittihamçısı Ziya Mansurovun iştirak etdiyi proseslərdə verdiyi vəsatətlərə o, həmişə ya "ehtiyac yoxdur" deyib, ya da təmin edilməməsini istəyib: “Audit yoxlaması aparılması üçün vəsatət verəndə prokuror dedi ki, cinayət işində 2 audit rəyi var, ehtiyac yoxdur. Mənim işimə formal baxılıb, diqqətlə yanaşmayıb və qərəzlidir”.

Hakimlər etirazla bağlı qərarı elan ediblər. Etiraz baxılmamış saxlanılıb.

Daha sonra prokuror ittiham aktını elan edib. İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.

Ümumilikdə, o, vergidən yayınma ilə bağlı 71 min manat, digər faktla bağlı isə 201 min manat mənimsəmədə ittiham olunur.

Sümbülə Əliyevaya qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Hakim Mahmud Ağalarov təqsirləndirilən Sümbülə Əliyevaya sərbəst ifadə verməyi təklif edib. O isə sənədlərlə tanış olduqdan sonra ifadə vermək istədiyini deyib.

Mahmud Ağalarov bununla bağlı daha öncədən vəsatət verdiyini və vəsatətin təmin edildiyini deyib: “Protokola əsasən, siz sənədlərlə tanış olmusuz, ifadə verə bilərsiz. Ancaq siz məhkəməni süründürməçiliyə salırsız. Sənədlərlə tanış olmaq sizin haqqınızdır. Yenidən sizə şərait yaradacağıq ki, sənədlərlə tanış olasınız”.

Sümbülə Əliyeva əslində sənədlərlə tanış olduğunu deyib: “Sənədlərlə tanış olduğumu boynuma alıram. Ancaq hazırda həbsdə olduğum üçün sənədlər yanımda deyil”.

Hakim Mahmud Ağalarov növbəti iclasda məhkəmənin ardıcıllığı üçün prosesin şahid ifadələri ilə davam edəcəyini deyib.

Növbəti proses mayın 2-də davam edəcək.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.

Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir.

İstintaq orqanı tərəfindən Sünbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər