Ötənlərdə bukinistdən 1983-cü ildə ozamankı Qərbi Almaniyanın Bilefeld şəhərində çıxmış bir kitab satın aldım. “Şiirlerde Sürmeli Çukuru. Iğdır” adlanan kitabın müəllifi Nizaməddin Onkdur. Kitabın ön sözündə müəllif İrəvanı türkün əbədi yurdu adlandırıb, Iğdırın tarixi haqqında geniş məlumat verib. Həmçinin irəvanlı aşıqların, şairlərin və azərbaycanlı mühacirlərin şeirləri təqdim olunub.
Kitabın arxasında müəllif haqqında da məlumat verilib.
Nizaməddin bəy 24 aprel 1937-ci ildə Iğdırda doğulub. İbtidai və orta təhsilini bu şəhərdə alıb. 1957-ci ildə Sivas Müəllimlər Məktəbindən məzun olub. Iğdırda və Adapazarında müəllimlik və müdirlik edib. 1961-ci ildə teymən rütbəsi ilə hərbi xidmətdən tərxis olunub. 1971-ci ildən etibarən Qərbi Almaniyada müəllim kimi çalışmağa başlayıb. Hazırda Almaniyada yaşayır. Onk Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Məmməd Aslan, Rəfiq Zəka Xəndan kimi dövrün şairləri ilə yaxın əlaqələr qurub, hələ Sovet dövründə ikən Bakıya gəlib.
Əsərləri
Nizaməddin bəy “Kars Eli”, “Türk Kültürü”, “Türk Folklor Araştırmaları” kimi dərgilərdə məqalələr yazıb. 1964-cü ildə Adapazarında “Göyçəli Aşıq Ələsgər” adlı kitabı işıq üzü görüb. 1987-ci ildə İslam Ələsgərzadənin həmmüəllifliyi ilə kitabın daha geniş variantı nəşr olunub. 1977-ci ildə “Qafqaz səfərimiz 1918 və milli meyxana”, 1989-cu ildə “Ümid damlaları”, 1997-ci ildə “Azərbaycan. Qarabağ tarixi”, 2000-ci ildə “Qaraqoyunlu”, 2006-cı ildə “Qafqazdan Anadoluya Iğdır tarixi”, 2008-ci ildə “Iğdırın qurtuluşu və çankırılı şəhid Mehmet Çavuş” kitabları çıxıb. 2013-cü ildə Onk azərbaycanlı mühacir şair Müseyib Zəyəmin şeirlərini toplayaraq “Böyük şair Müseyib Zəyəm” adı ilə nəşr etdirib.
Nizaməddin bəy “Kars Eli” jurnalındakı yazılarında irəvanlı aşıqların şeirlərini, ictimai-siyasi xadimlərin həyat hekayələrini mütəmadi təqdim edib. “Şeirlərdə Sürməli çüxuru. Iğdır” adlı kitabında da İrəvan mövzusunda yazılmış nadir şeirlər verilib. Həmin şeirlərdən biri 1877-1878-ci il Rus-Türk (93 hərbi) müharibəsi ilə bağlıdır. İrəvanın Qəmərli elinin Doqquzlu kəndindən olan Hüseyn bəy Kazım bəy oğlu 4 avqust 1877-ci ildə “93 divanisi”ni yazıb:
Qalxdı sancaği-şərif, yeridi türklər yenə
Qalmadı ürəkdə dərdim, al geyib dağlar yenə
Alosman çəkmiş əsgər, kafir urus üstünə
Neçə canlar şəhid oldu, döyüşür sağlar yenə.
Hatunoğlu Kurt paşamız sərdar oldu əsgərə
Ərzurum, Van ordusu gəldi birikdi Iğdıra,
Sürməli sancağı bayram eyləsin ərdi nura
Dursun ayağa İrəvan, gəldi xoş çağlar yenə.
Qırdı Halıyazı, Horum Sarı-Moskov belini,
Sonu gəldi, inşallah, doğruldamaz yolunu,
Qurtarır hünkar, xəlifə əhli-İslam elini
Kafirin bağrına odlar, düşürər dağlar yenə.
Biz Məhəmməd ümmətiyiz, yoxdur özgə-yadımız,
Hind, Yəməndə söylənir, türkdür bizim öz adımız
Yönümüz qəzaya döndü Haqq verə muradımız
Al-yaşıl bayraq ilərlər, ordu səf bağlar yenə.
Türk kitabın sirrin açmış, əzbər eylər meşkinə,
Sən bir ulu padişahsın, rəhm eylə düşkünə
Yardım eylə türklərə, on iki imam eşqinə
Yönümüz döndü sılaya, Hüseyn ağlar yenə.
Şeirdə adı keçən Kurt İsmayıl paşa 1818-ci ildə Qarsda doğulub. 1833-cü ildə Qars sancağına bağlı Şörəyel qəzasında əyan olub. 1841-ci ildə İran, 1853-cü ildə Krım müharibəsinə qatılıb. 1868-1875-ci illərdə Diyarbəkir valisi olub. Şəhərdə mətbəə quraraq “Diyarbəkir” qəzetini çıxarıb. 1876-cı ildə Ərzuruma vali təyin olunub, 1877-1878-ci il müharibəsinə qatılıb. 1897-ci ildə İstanbulda vəfat edib.
Aşıq Ələsgərin izindən
Aşıq Ələsgərlə bağlı çıxardığı kitabının girişində Nizaməddin bəy İrəvan bölgəsinin məşhur ozanını görən kişilərin yaşadığını bildirib, onlardan biri ilə görüşünü belə qeyd edib: “Iğdırdan piyada üç saat uzaqdakı Tacirli kəndində yaşayan yetmişi ötmüş qarabağlı Həsən əmini ziyarət etdik. Vaxtilə Ələsgərin qonşusu olan bu şəxsdən ozanın həyatı, deyişləri və xatirələri haqqında bir az məlumat öyrəndik. Bu əsnada xalq rəvayətlərini, deyişlərini sazı ilə tərənnüm edən Qars yörəsinin məşhur aşığı sosgertli (Arpaçaya bağlı) aşıq Mehmed Qasım Hicranidən Ələsgərin bir çox qoşmasını da topladıq. Aşıq Mehmed Qurtuluş savaşımızda Türkiyəyə sığınan Ələsgərin şagirdi göyçəli Aşıq Abbası bir il qorumuş, müsafir etmişdir. Ondan ozanın bir çox deyişini öyrənmişdir. 1955-ci ildən başlayan bu çalışmalarımız nəticəsində çox şey toplamış olduq”.
Onk kitabına yazdığı bu ön sözündə hansı kənddə kimdən deyişləri topladığını da yazıb.
Kitabda Ələsgərin yaşadığı Sürməli, Göyçə mahalının tarixi haqqında da geniş bilgi verilib, Ələsgərin şeirindən misal göstərilib:
Zəngi sərin, Göyçə gölü dupduru
Bir İrəvan, bir də Sahat çüxuru
Sürməli, Aralıq, şirin Iğdırı
Bəslə Ələsgər tək qulları dağlar.
Onk kitabında Ələsgərin həyatı ilə bağlı yazdığı hissədə onun Azərbaycan və Anadoluda baş verən hadisələrdən mənəvi qüvvət aldığını, bu qoşmanı yazdığını bildirib:
Yaylaqlar, dərələr başdan-başadır,
İçində əsgərlər qoşa-qoşadır
Qafqaza yürüyən Ənvər paşadır
Kəsin ona min qurbanı deyirlər.
Nizaməddin bəy Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Aşıq Ələsgərin bu ölkəyə getmək istədiyini, lakin 1926-cı ildə vəfat etdiyinə görə bu arzusuna çatmadığını, vəsiyyətinə uyğun olaraq şagirdlərindən Aşıq Abbas ilə Nəsib Göyçəlinin Anadoluya köçdüyünü qeyd edib.
Onk kitabında irəvanlı Aşıq Əmrahın da şeirlərinə yer verib. Həmin şeirlərdən birinin ilk bəndi belədir:
İstanbuldan İrəvana varanda
Bilməm hansı yoldan varayım, Vaqif
Gələn bəzirgandan, keçən tüccardan
Yaxın yollar xəbər sorayım, Vaqif
Nizaməddin Onkun İrəvan, Iğdır bölgəsi ilə bağlı yazdıqları, aşıqların, mühacir şairlərin əsərlərini toplaması, çap etməsi tariximiz üçün önəmli fəaliyyət olub. Çünki İrəvan bölgəsi ermənilərin əlinə keçdikdən sonra Türkiyədə bu barədə tədqiqatlar olduqca az aparılıb. Bu baxımdan Nizaməddin bəy Türkiyədə İrəvanı yaşadan önəmli insanlarımızdan biri olub.
Tanrı ona uzun və sağlam ömür bəxş etsin.