Almaniya Azərbaycanla Ermənistan arasındakı sərhəd razılaşmasını təqdir etsə də, Fransadan hələ də səs çıxmır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, anti-Azərbaycan siyasəti Fransanı Avropanın digər iddialı ölkəsi Almaniyanın önə keçməsinə imkan yaratdı:
“Berlin fürsətdən məharətlə istifadə etdi. Fransa Prezidenti Emmanuel Makron qatı ermənipərəst və anti-Azərbaycan siyasəti ilə Bakı ilə İrəvan arasında vasitəçilik imkanlarını itirib. Almaniyanın Kansleri Olaf Şolz yaranan bu vəziyyəti doğru qiymətləndirərək Bakı ilə İrəvan arasında vasitəçilik təşəbbüslərini gücləndirib.
Almaniya kansleri fevralda Münxendə Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş təşkil etdi. Bundan bir müddət sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Berlində müzakirələri davam etdirdi.
Azərbaycanla Ermənistan arasındakı son razılaşmalar vasitəçi olmadan əldə olunub. Buna baxmayaraq, İrəvan və Bakı Berlinin vasitəçiliyindən imtina etmir. Bu baxımdan, Azərbaycan prezidentinin aprelin 26-da Almaniyaya səfəri bu siyasətin tərkib hissəsidir. İlham Əliyev səfər öncəsi Almaniyanın siyasəti barədə müsbət fikirlər söyləyib. Prezident vurğulayıb ki, Azərbaycanın Almaniya ilə investisiya yatırımı və dövlət qurumları ilə müqavilələrin bağlanılmasına dair planları var”.
Elxan Şahinoğlu xatırladıb ki, vaxtilə bu kimi müzakirələr Fransa rəhbərliyi və işgüzar dairələri ilə aparılırdı:
“Makron yaxın keçmişdəki əlaqələrin üstündən xətt çəkdi. İtirən Fransa oldu. Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi özünü onda göstərdi ki, Berlin Azərbaycanla Ermənistan arasındakı sərhəd razılaşmasını təqdir etdi, Parisdən isə səs çıxmadı”.